Avropada kartof böhranı: Belçikalı fermerlər tonlarla məhsulu məhv edir

Avropada son illərin ən böyük kartof istehsalı böhranı yaşanır. Məhsul bolluğu bazarda ciddi qiymət enişinə səbəb olub və fermerləri böyük zərərlə üz-üzə qoyub.

"The New York Times" qəzetinin yaydığı məlumata görə, Avropada xüsusilə fri kartof istehsalında istifadə olunan təxminən 5 milyon ton artıq kartof ehtiyatı yaranıb.

Nəşr yazır ki, bir çox fermerlər satılmayan məhsulu məhv etməyə məcbur qalır. Belçikanın Valon bölgəsində fəaliyyət göstərən fermer Kris D'Eyer də bu səbəbdən təxminən min ton kartofu yenidən tarlalara qaytarıb.

Fermerin sözlərinə görə, məhsulu hətta tonuna bir neçə avro kimi simvolik qiymətə belə satmaq mümkün olmayıb. O bildirib ki, kartofun saxlanılması artıq iqtisadi baxımdan sərfəli deyil. Bundan əlavə, məhsulun cücərməsi onun bazar dəyərini və satış imkanlarını da əhəmiyyətli dərəcədə azaldıb.

Mütəxəssislər hesab edirlər ki, Avropada kartof istehsalının tələbi xeyli üstələməsi bazarda ciddi tarazlıq pozuntusu yaradıb. Nəticədə fermerlər həm məhsul itkisi, həm də gəlir azalması ilə üzləşiblər.

Kənd təsərrüfatı sektorunun nümayəndələri vəziyyətin uzun müddət davam etməsinin bir sıra Avropa ölkələrində kartof istehsalçıları üçün əlavə maliyyə çətinlikləri yarada biləcəyini bildirirlər.

Mövsüm,

AzNews.az