Rusiya: Ukraynanın tankerlərə hücumları təxribatdır

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada jurnalistlərə açıqlamasında Qara dənizdə baş verdiyi iddia olunan son hücumlarla bağlı danışıb.

Zaxarova Ukraynanın pilotsuz uçuş aparatlarından istifadə edərək tankerlərə hücumlar təşkil etdiyini iddia edib və bunun regionda gərginliyi artırdığını bildirib.

Onun sözlərinə görə, Ukrayna ordusu PUA-lardan istifadə etməklə mülki gəmiləri hədəfə alır və bu hadisələri Rusiyanın üzərinə atmağa çalışır.

Rusiya rəsmisi qeyd edib ki, bu cür addımlar Qara dənizdə dəniz ticarətinin təhlükəsizliyinə zərbə vurur və mülki gəmiçilik üçün ciddi risklər yaradır.

Mariya Zaxarova Ukraynanın Qara dənizdəki fəaliyyətlərini “terror aktları” kimi qiymətləndirərək bildirib:

“Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Türkiyə sahilləri yaxınlığında tankerlərə hücum etməsi regiondakı sabitliyi hədəf alan təxribatdır”.

O, həmçinin Kiyevin beynəlxalq hüquq normalarını pozduğunu iddia edərək hadisələrlə bağlı hərtərəfli və qərəzsiz araşdırmanın aparılmasına çağırıb.

Rusiya Xarici İşlər Nazirliyi bir neçə gün əvvəl Ukraynanın Odessa limanından Türkiyəyə doğru hərəkət edən, Türkiyə şirkətinə məxsus və Vanuatu bayrağı altında üzən yük gəmisinin Qara dənizdə hücuma məruz qaldığını açıqlamışdı.

Məlumata görə, hadisə nəticəsində iki Türkiyə vətəndaşı yaralanıb. Rusiya tərəfi bildirib ki, bu insident regionda təhlükəsizliklə bağlı narahatlıqları daha da artırıb.

Mövsüm,

AzNews.az