- Siyasi müzakirə
- 4 İyul 19:24
- 2 746
Şəhla Cəlilzadə: “Ermənistan Rusiya təsirindən xilas olmağa çalışır”

“II Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanın daxili və xarici siyasətində ciddi dəyişikliklər baş verdi. Bu dəyişikliklərin əsas səbəblərindən biri Rusiyanın “əbədi himayədar” (protektor) imicinin sarsılmasıdır. Digəri isə 2018-ci ildə inqilab yolu ilə hakimiyyətə gəlmiş Baş nazir Nikol Paşinyanın Qərbyönlü islahatlara üstünlük verməsidir. Müharibədən sonrakı dövrdə Ermənistan yeni müttəfiq axtarışlarına başladı. Bu kontekstdə Fransa və Hindistanla münasibətlərini möhkəmləndirdi, ABŞ-la isə kağız üzərində qalan “Strateji tərəfdaşlıq haqqında” sənəd imzaladı. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) fəaliyyətini faktiki olaraq dondurdu, təşkilatın hərbi təlimləri və tədbirlərində iştirakdan imtina etdi. Əvəzində, Avropa İttifaqı və ABŞ-la hərbi-iqtisadi əməkdaşlığı genişləndirməyə başladı. 2024-cü ildə ABŞ-la birgə keçirilən hərbi təlimlər Ermənistan tarixində bir ilk kimi qeydə alındı”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.
Xatırladaq ki, Ermənistanla Rusiya arasında gərginlik daha da dərinləşir. Son günlərdə İrəvan rəhbərliyi Moskvaya qarşı bir sıra sərt addımlar atıb. Belə ki, Ermənistan Rusiyadan dondurma idxalını qadağan edib, həmçinin Rusiya telekanallarının ölkə ərazisində yayımının dayandırılacağını açıqlayıb.
Siyasi şərhçi bildirib ki, bütün bunlara baxmayaraq, Ermənistanın Rusiyadan tamamilə uzaqlaşması hələ ki mümkün deyil.
“Bu səbəbdən də ayrılma prosesi mərhələli şəkildə aparılır. Hazırda gündəmdə olan məsələlərdən biri Ermənistanda Rusiya telekanallarının yayımının dayandırılmasıdır. Bu kanalların, əsasən, anti-hakimiyyət çağırışları, anti-Paşinyan ritorikası ilə çıxış etməsi ictimai diskursu dövlətin rəsmi mövqeyindən yayındırmağa xidmət edir. Nəticə etibarilə, bu təbliğat Rusiya meyilli qüvvələrin yenidən hakimiyyətə gətirilməsinə, xalq etirazlarının təşkili və təşviqinə, son mərhələdə isə dövlət çevrilişinə zəmin yaratmağa yönəlib. Ermənistan isə bu informasiya təsirlərini neytrallaşdırmaqla milli təhlükəsizliyini təmin etməyə çalışır. Digər vacib məqam isə Ermənistanın iqtisadi və sənaye infrastrukturunun uzun illərdir Rusiyanın təsirində olmasıdır. Müstəqillikdən bu yana ölkənin bir çox strateji sahələrinə Moskva nəzarət edib. Məsələn, bu günlərdə elektrik paylayıcı şəbəkəsinin milliləşdirilməsi məhz bu təsirdən qurtulmaq cəhdinin bir göstəricisidir. Bu şəbəkəyə Rusiya və Rusiyada fəaliyyət göstərən erməni əsilli iş adamı Samvel Karapetyan nəzarət edirdi. Karapetyanın, eləcə də hökumət əleyhinə çağırışlar edən, revanşist fikirləri ilə tanınan saxta keşiş Baqrat Qalstyanın həbsi, Ermənistanın siyasi sistemində Moskvanın təsirindən azad olmaq cəhdlərinin davamı kimi dəyərləndirilə bilər. Hazırda Ermənistan-Rusiya münasibətləri də ciddi sınaq mərhələsindədir. Dövlət çevrilişi cəhdi ilə bağlı çoxsaylı həbslərlə yanaşı, Rusiya mənşəli bəzi məhsulların idxalına simvolik qadağalar tətbiq olunub. Əvvəllər belə embarqoları Rusiya özü siyasi təzyiq vasitəsi kimi istifadə edirdi – Avropaya “soyuq qış” yaşatmaqla, yaxud Türkiyə ilə təyyarə böhranı zamanı portağal idxalına qadağa qoymaqla. İndi isə vəziyyət dəyişib: Azərbaycan Rusiyadan “soğan”, Ermənistan isə “dondurma” idxalına qadağa qoyur. Bu addımlar simvolik olsa da, regional güc balansındakı dəyişiklikləri ifadə edir”.
Siyasi şərhçi əlavə edib ki, Ermənistanın yeni geosiyasi reallıqlarda uğur qazanması ilk növbədə Azərbaycan və Türkiyə ilə münasibətlərini necə quracağından asılıdır:
“Azərbaycan II Qarabağ müharibəsindəki qələbə ilə yalnız ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda Ermənistana da müstəqil dövlətçilik yolunda addımlar atmağa məcbur etdi. Bu yolun uğurla başa çatması isə regionda sülh və sabitliyə Ermənistanın nə dərəcədə töhfə verəcəyindən asılı olacaq. Əks təqdirdə, hazırda Ukraynada müharibəyə cəlb olunmuş, lakin imperiya ambisiyalarından əl çəkməyən Rusiya yenidən Ermənistana təsirini gücləndirə bilər. Nəticə etibarilə, Ermənistan Azərbaycanın balanslı xarici siyasət modelini örnək almaqla, Qafqaz kimi mürəkkəb və dəyişkən geosiyasi məkanda mövcudluğunu davam etdirə bilər”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az