- Siyasi müzakirə
- 10 İyul 17:48
- 3 491
“Öcalanın çağırışı və PKK-nın sonu: Ankara qazandı”

“PKK-nın silah buraxması faktiki olaraq Türkiyə dövlətinin uzunmüddətli və ardıcıl mübarizəsinin real nəticəsidir. Bu hadisə terrorla mübarizənin təkcə hərbi deyil, diplomatik, siyasi və kəşfiyyat müstəvilərində də uğurla aparıldığını sübut edir. Abdullah Öcalanın bu çağırışı istər həbsxanadan gəlsin, istər başqa mərkəzdən, Ankara üçün yalnız bir nəticə doğurur: dövlətin iradəsi qalib gəldi. Silah buraxmaq qərarı əgər geri dönüşsüz və kollektiv şəkildə tətbiq olunursa, bu, Türkiyə üçün strateji qələbədir. Türkiyə bu prosesə istənilən güzəşt və ya qeyri-rəsmi dialoq olmadan nail olub – məhz bu da prosesi unikallaşdırır”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
Qeyd edək ki, PKK lideri Abdullah Öcalan video müraciətində təşkilat üzvlərini silahı yerə qoymağa çağırıb və 47 illik “mübarizənin” başa çatdığını elan edib. PKK üzvlərinin iyulun 11-də Süleymaniyyədə silahlarını təhvil verəcəkləri bildirilir. Tərksilah prosesinin 2-5 ay davam edəcəyi və silahlarını təhvil verənlərin İraqda qalacağı gözlənilir. Prosesin sonunda Öcalanın azadlığa buraxılması ehtimalı da müzakirə olunur.
Siyasi şərhçi qeyd edib ki, silahların yerə qoyulması PKK-nın regionda, xüsusən İraqın şimalı və Suriyanın şərqindəki dayaqlarının tədricən zəifləməsi ilə nəticələnə bilər.
“Bu mərhələdə əsas məsələ təşkilatın silahlı strukturlarının tamamilə ləğv edilməsi və ideoloji aparatının ifşa olunmasıdır. Təkcə fiziki olaraq silah buraxmaq kifayət deyil, ideoloji və maliyyə damarları da kəsilməlidir. Çünki silahın yerə qoyulması bəzi hallarda zaman qazanmaq, struktur yeniləmək və ya beynəlxalq legitimlik axtarışına çıxmaq üçün də alətə çevrilə bilər.Ankara buna görə ehtiyatı əldən verməməli, terrorla mübarizədə “tam qapanış” modelinə sadiq qalmalıdır. Prosesin davamında DEM Partiya xəttində də ideoloji transformasiya gözlənilməli və bu sahədə də dövlət institusiyaları nəzarəti saxlamalıdır. Öcalanın rolu bu mərhələdə artıq siyasi dəyərini itirib, çünki meydan Ankara ilə xalq arasındadır. Bu zəfər, təkcə hərbi deyil, milli ruhun və dövlətçilik iradəsinin zəfəridir. Silahı yerə qoyan tərəf artıq diktə edən tərəf deyil, diktə olunan tərəfdir. Türkiyənin qarşısında duran əsas vəzifə bu zəfəri diplomatik və geosiyasi müstəviyə daşımaqdır. Türkiyə regionda yalnız sabitlik ixrac edən güc deyil, həm də terrora qarşı qlobal model təqdim edən aktordur. Bu prosesin adı dövlətin qəti və ləyaqətli cavabıdır. İndi top beynəlxalq birliyin meydanındadır: görək onlar da PKK-nın silah buraxmasını qəbul edərək bu təşkilatı terror siyahısından çıxarmaq əvəzinə ərazilərində gizlənənləri məsuliyyətə cəlb edəcəklərmi?”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az