Robert Köçəryan Moskvaya gizli səfər edib. Kremldə onun qulağına nə pıçıldadılar?

Rusiya Ermənistanın daxili siyasi həyatına olan marağını daha fəal şəkildə nümayiş etdirməyə başlayıb. Ermənistanla əlaqədar məsələlər üzrə yeni kurator, Rusiya Prezident Administrasiyasının rəhbərinin müavini Sergey Kiriyenko hazırda vəziyyəti yaxından öyrənir. Məlumata görə, bir neçə gün əvvəl Robert Köçəryan Moskvaya qısamüddətli səfər edib. O, 1-2 ay əvvəl də Moskvada olub, lakin son səfər bu günlərdə reallaşıb və dünən gecə o, İrəvana geri qayıdıb. Hələlik, Kremldə keçirilən müzakirələr barədə öz komandasına məlumat verməyib. Əvvəlki səfərindən sonra mətbuat konfransı təşkil edərək siyasi aktivliyini elan etmişdi.

AzNews.az İrəvan mediasına istinadən xəbər verir ki, ehtimallara əsasən, bu dəfəki görüşün əsas mövzusu impiçment məsələsi olub. Yaxın günlərdə bu mövzu ilə bağlı bəyanatın verilməsi və müəyyən addımların atılması gözlənilir. Bununla belə, Köçəryanın bu məsələdə həddən artıq qətiyyət göstərməməsinə dair ona tövsiyə edildiyi ehtimal olunur. Həmçinin, baş nazirliyə potensial namizədlərin adları ilə bağlı müzakirələr də aparıldığı bildirilir.

Qeyd edək ki, görüş və müzakirələr əsasən Sergey Kiriyenko ilə deyil, Kreml daxilində erməni məsələləri üzrə ixtisaslaşmış digər bir rəsmiylə keçirilib.

AzNews.az