Azərbaycanın Haqq Səsinin Yoldaşları: Türkiyə və Pakistanın dəstəyi

“Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda apardığı mübarizədə ilk gündən ən güclü və prinsipial dəstək göstərən ölkələrin başında Türkiyə gəlir. Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dövrdən etibarən rəsmi Ankara öz mövqeyini qəti şəkildə ortaya qoymuş, bu mövqeyin konkret təzahürü kimi Ermənistanla sərhədlərini bağlamışdır. Bu qərar, təkcə diplomatik jest deyil, həm də strateji tərəfdaşlığın əsasını təşkil edən uzunmüddətli siyasi dəstəyin simvolu kimi qiymətləndirilə bilər. 30 il ərzində Türkiyə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini bütün regional və qlobal platformalarda açıq şəkildə dəstəkləmişdir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Laçın Beynəlxalq Hava Limanından Azərbaycana səfərə başlaması həm simvolik, həm də strateji baxımdan önəmli addımdır. Bu, Türkiyənin azad olunmuş ərazilərə verdiyi dəstəyin və iki ölkə arasında dərinləşən münasibətlərin göstəricisidir.

Siyasi şərhçi bildirib ki, xüsusilə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı Türkiyə Azərbaycanın yanında olduğunu siyasi, diplomatik və mənəvi baxımdan dəfələrlə nümayiş etdirmişdir.

“Əvvəlcə 2016-cı ilin Aprel döyüşlərində, daha sonra isə İkinci Qarabağ müharibəsində Türkiyənin açıq dəstəyi bu iki ölkə arasında müttəfiqliyin real nəticələr doğurduğunu sübut etdi. Bu dəstək təkcə dövlət səviyyəsində deyil, xalqlar arasında da dərin mənəvi yaxınlıq və qarşılıqlı rəğbət formalaşdırmışdır. Rəcəb Tayyib Ərdoğanın hərbi paraddan tutmuş strateji obyektlərin açılışına qədər müxtəlif mərasimlərdə iştirakı, həmçinin Türkiyə rəhbərliyinin antiterror əməliyyatları zamanı verdiyi açıq dəstək, Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Bu, iki ölkə arasındakı münasibətləri formal müttəfiqlikdən daha da dərinləşdirərək strateji qardaşlığa çevirmişdir. Bu kontekstdə Pakistanın rolu da xüsusi qeyd olunmalıdır. Pakistan, Ermənistanı tanımayan nadir dövlətlərdən biri olaraq, həm Qarabağ münaqişəsi dövründə, həm də ondan sonrakı mərhələdə Azərbaycanın mövqeyini həm beynəlxalq tribunada, həm də diplomatik kanallarla dəstəkləyib”.

Siyasi şərhçi əlavə edib ki, Pakistan rəsmilərinin verdiyi ardıcıl dəstək bəyanatları, eləcə də Pakistan xalqının Azərbaycan xalqına göstərdiyi simpatiya üçtərəfli münasibətlərin daha da güclənməsinə səbəb olub:

“Azərbaycan–Türkiyə–Pakistan üçlüyü artıq bölgədə yüksələn yeni bir strateji blokun əsasını təşkil edir. Hər üç ölkə arasında həm siyasi, həm hərbi, həm də mədəni sahələrdə əməkdaşlığın genişlənməsi təkcə dostluq deyil, regionun təhlükəsizliyi və sabitliyi üçün mühüm geosiyasi faktor kimi çıxış edir. Bu müttəfiqliyin möhkəmlənməsi, Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan geniş coğrafiyada güc balansının dəyişməsinə və yeni regional nizamın formalaşmasına səbəb ola bilər”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az