Gürcüstanın İstiqlal Bəyannaməsini də M.Ə.Rəsulzadə yazıb? - İKİ MƏTNİN MÜQAYİSƏSİ

28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olundu.

Cümhuriyyəti elan edən rəsmi sənədin orjinal nüsxəsindəki adı “Əqdnamə” idi. Daha çox “İstiqlal Bəyannaməsi” adı ilə populyar olan bu sənədə adı çəkilən 8 nəfər imza atıb:

1. Həsən bəy Ağayev,

2. Fətəli xan Xoyski,

3. Nəsib bəy Yusifbəyli,

4. Camo bəy Hacınski,

5. Şəfi bəy Rüstəmbəyli,

6. Nəriman bəy Nərimanbəyov,

7. Cavad Məlik-Yeqanov,

8. Mustafa Mahmudov.

Bu isimlərin hər biri Azərbaycanın millətləşmə prosesində xüsusi rol oynamış, parlaq karyeraya sahib ictimai-siyasi xadimlər idi.

Həsən bəy Ağayev Moskva Universitetinin Tibb fakültəsini bitirmiş, “Difai”nin quruculuğunda iştirak etmiş, 1907-ci ildə Bakıda keçirilən Qafqaz müsəlman müəllimlərinin qurultayında Mərkəzi Komitənin sədri seçilmişdi. 1917-ci ilin fevral inqilabından sonra Nəsib bəy Yusifbəylinin yaratdığı Türk Ədəmi-Mərkəziyyət Partiyasının əsas simalarından idi. Gəncədə rus dilində “Cənubi Qafqaz” qəzeti çıxartmışdı.

Fətəli xan Xoyski Moskva Dövlət Universitetinin hüquq fakültəsini 1897-ci ildə 1-ci dərəcəli diplomla bitirmiş, Rusiya Dumasının üzvü olmuş, Bakı bələdiyyəsinə rəhbərlik etmişdi.

Nəsib bəy Odessa şəhərindəki İmperator Novorosiysk Universitetinin hüquq fakültəsində təhsil almış, lakin diplom ala bilməmişdi. İsmayıl Qaspıralının əsasını qoyduğu "Tərcüman" qəzetində fəaliyyət göstərmiş, onun qızı ilə evlənmiş, Gəncə Şəhər Dumasının sədr müavini olmuşdu.

Camo bəy Hacınski Peterburq Universitetinin Hüquq fakültəsini bitirmiş, sonralar iqtisadçı ixtisasına da yiyələnmişdi. Rus, fransız, ingilis, ərəb və fars dillərini mükəmməl bilirdi. Azərbaycan Arxeoloqlar Cəmiyyətinin ilk yaradıcılarından idi.

Şəfi bəy Rüstəmli də hüquqşünas idi, Kiyev Universitetində hüquq təhsili almışdı. Təhsil aldığı dövrdə gizli fəaliyyət göstərən Müsavat Partiyasının Kiyevdəki özəyininin fəallarından olmuşdu. Qəbələ əsilzadələrindən idi.

Nəriman bəy Nərimanlı Şuşalı idi. Moskva Universitetinin fizika-riyaziyyat şöbəsində, daha sonra Xarkov Universitetinin hüquq fakültəsində oxumuşdu.

Qarabağın Tuğ kəndində doğulmuş Cavad bəy Dizaq məliklərindən Yeqanovların soyundan gəlirdi. Rus, fars, alman, gürcü, erməni dillərini bilirdi. Anket məlumatlarında türk olduğu və texniki universitet bitirdiyi qeyd olunur. “Hümmət” təşkilatının fəalı kimi inqilabi fəaliyyət göstərmiş, sürgündən və həbsxanalardan keçmişdi.

Qori Seminariyasının məzunlarından olan Mustafa Mahmudov pedoqoji fəaliyyətlə məşğul olmuş, Rusiya Dumasına üzv seçilmişdi. O, dumanın ən fəal deputatlarından sayılırdı.

Göründüyü kimi, “Əqdnamə”ni Milli Şuranın səsverməsinə öz imzası ilə təqdim edənlər 20-ci əsrin əvvəllərində Azərbaycanın istər intellektual, istər siyasi, istərsə də sosial baxımdan istibleşmentini təşkil edirdilər. Onların hər birinin hüquqi və siyasi bəyanatlar hazırlamağa yetərincə səriştəsi olduğu kimi, dövrün sürətlə dəyişən hadisələrinə elmi-konseptual baxışları, mövqelərini qəbul etdirmək üçün məxsusi çəkiləri vardı.

Bütün bunları nəzərə alanda, “Əqdnamə”nin kollektiv müəlliflərinin bir kənara qoyularaq sənədin bir adamın adına yazılmasına, özü də heç bir əsas, heç bir sübut, heç bir dəlil olmadan yazılmasına bəraət qazandırmaq mümkün deyil.

Bu cəhd milli istiqlaliyyətin elan olunduğu gün Tiflisdən kənarda- Batumda danışıqlarda iştirak edən, AXC-nin məhz 28 may 1918-ci ildə qurulacağından daha öncəki günlərdə ümumiyyətlə xəbər tutması mümkünsüz olan, 28 mayda baş verən tarixi hadisədən ertəsi gün xəbər tutmuş Məhəmməd Əmin Rəsulzadəni “Cümhuriyyətin banisi” kimi qələmə vermək üçün uydurulmuş bir mifdir.

Əvvəla, “Əqdnamə”nin preambluasında gürcü millətinin Zaqafqaziya Seymini tərk etməsindən və Gürcüstan Xalq Cümhuriyyəti yaratmasından bəhs edilir. Bu, Azərbaycanın istiqlalının elan edilməsindən cəmi iki gün öncə baş vermiş hadisədir və ona görə də, bəzilərinin iddia etdiyi sayaq, Nəsib bəy Yusifbəylinin Batumdan Tiflisə gətirdiyi məktublar arasında İstiqlal Bəyannaməsinin mətni ola bilməz.

İkincisi, bu günə qədər Azərbaycan cəmiyyətinin və elmi ictimaiyyətinin professor Vasif Qafarov istisna olmaqla, üzərində dayanmadığı bir şablon var- “Əqdnamə”nin hazırlanmasında istifadə edilmiş Gürcüstanın İstiqlal Bəyannaməsi.

MƏNBƏ:

https://www.ericlee.info/theexperiment/declaration.php

Gürcüstanın İstiqlal Bəyannaməsi preambluadan və 7 maddədən ibarətdir. Bir maddə bizim “Əqdnamə" ilə müqayisədə daha çoxdur. Belə ki, Gürcüstanın İstiqlal Bəyannaməsinin 3-cü bəndində ölkənin beynəlxalq münaqişələrdə neytral qalacağı vurğulanır. Azərbaycan öz müstəqilliyini inkişaf etdirmək üçün Osmanlının dəstəyinə arxalandığından bu bəndin bizim “Əqdnamə”yə salınmaması başadüşüləndir. Bu fərqi və bəyanatın Azərbaycan versiyasının hazırlanmasında zəruri olan uyğunlaşdırmaları nəzərə almasaq, hər iki sənədin məzmunu, vurğuları və ardıcıllığı eynidir.

Məsələn:

Gürcüstan İstiqlal Bəyannaməsi (GİB):

“Böyük Rusiya İnqilabı zamanı elə şərait yaranmışdır ki, bu, bütün hərbi cəbhənin dağılmasına və Rusiya ordusunun Zaqafqaziyanı tərk etməsinə gətirib çıxarmışdır”.

Azərbaycan İstiqlal Bəyannaməsi (AİB):

“Böyük Rusiya inqilabının cərəyanı ilə dövlət vücudunun ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqaziyanın rus orduları tərəfindən tərkinə mövcud bir vəziyyəti siyasiyyə hasil oldu”.

GİB: “Beləliklə, Gürcüstan, bütün Zaqafqaziya ilə birlikdə öz taleyini idarə etmək məsuliyyətini öz üzərinə götürərək, bunun üçün lazım olan qurumları yaratmışdır; lakin xarici qüvvələrin təzyiqi nəticəsində Zaqafqaziya millətlərini birləşdirən bağlar qırılmış və Zaqafqaziyanın siyasi birliyi pozulmuşdur. Gürcü xalqının hazırkı vəziyyəti, düşmənlərin boyunduruğundan qurtulmaq və azad inkişafı üçün möhkəm bir təməl yaratmaq məqsədilə Gürcüstanın öz siyasi təşkilatını qurmasını qaçılmaz etmişdir.

AİB: “Vəqayi-siyasiyyənin inkişaf etməsi üzərinə gürcü milləti Zaqafqaziya Qoşma Xalq Cümhuriyyəti cüzindən çıxıb da müstəqil Gürcü Xalq Cümhuriyyətinin təsisini səlah gördü. Rusiya ilə Osmanlı imperatorluğu arasında zühur edən müharibənin təsviyyəsi üzündən hasil olan vəziyyət hazireyi-siyasiyyə və məmləkət daxilində bulunun misilsiz anarxiya Cənubi-Şərqi Zaqafqaziyadan ibarət bulunun Azərbaycana, dəxi bulunduğu daxili və xarici müşkülatdan çıxmaq üçün xüsusi bir dövlət təşkilatı qurmaq lüzumunu təlqin ediyor”.

GİB: “Buna görə də 1917-ci il noyabrın 22-də (dekabrın 5-də) Gürcüstanın Milli Məclisi tərəfindən seçilən Gürcüstan Milli Şurası bəyan edir”

AİB: “Buna binaən arai-ümumiyyə ilə intixab olunan Azərbaycan Şurai milliyyeyi-islamiyyəsi bütün cəmaətə elan ediyor ki”:

Maddələrə baxaq.

GİB: 1. “Bundan sonra Gürcü xalqı suveren hakimiyyətə malik olacaq və Gürcüstan azad və müstəqil bir dövlət kimi bütün hüquqlardan istifadə edəcəkdir”.

AİB: 1. Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir.

GİB: 2. Müstəqil Gürcüstanın siyasi idarə forması Demokratik Respublika olacaqdır.

AİB: 2. Müstəqil Azərbaycan dövlətinin şəkili-idarəsi Xalq Cümhuriyyəti olaraq təqarrür ediyor.

GİB: 4. Gürcüstan Demokratik Respublikası bütün xalqlarla, xüsusilə qonşu millət və dövlətlərlə dostluq münasibətləri qurmağa çalışacaqdır.

AİB: 3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və bilxassə həmcüvar olduğu millət və dövlətlərlə münasibəti – həsənə təsisinə əzm edər.

GİB: 5. Gürcüstan Demokratik Respublikası ərazisində yaşayan bütün sakinlərə azad inkişaf üçün geniş imkanlar təqdim edir.

AİB: 4. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin edər.

GİB: 6. Gürcüstan Demokratik Respublikası ərazisində yaşayan bütün vətəndaşlara, milliyyətinə, dininə, sosial vəziyyətinə və ya cinsinə fərq qoymadan, bütün mülki və siyasi hüquqları təmin edir.

AİB: 5. Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bil cümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır.

GİB: 7. Müəssislər Məclisi çağırılanadək, Milli Şura, azlıqların nümayəndələri və Milli Şuraya cavabdeh olan Müvəqqəti Hökumətlə birlikdə Gürcüstanın bütün idarəetmə işlərinin başında duracaqdır.

AİB: 6. Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arai-ümumiyyə ilə intixab olunmuş Şurai Milli və Şurai-Milliyə qarşı məsul hökuməti-müvəqqəti durur.

Sonda qısa bir arayış da verim.

Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsinin Gürcüstanın İstiqlal Bəyannaməsinin şablonu əsasında hazırlanması gələcəkdə beynəlxalq səviyyədə tanınma məqsədinə xidmət edirdi. Ancaq bu şablon eyniliyi “Əqdnamə”nin Rəsulzadə tərəfindən yazıldığını tamamilə inkar. Bu inkar isə guya onun AXC-nin ideoloqu olmasını söyləyənlərə və fikrini isbatlamaq üçün "Əqdnamə"ni misal göstərənlərə ən tutarlı cavabdır. Həmin "məntiq"ə görə, əgər “Əqdnamə”nin müəllifi Rəsulzadədirsə, o zaman iki gün öncə müstəqilliyini elan etmiş Gürcüstanın İstiqlal Bəyannaməsinin yazarı da o olmalıdır.

Taleh ŞAHSUVARLI