Laçın Beynəlxalq Hava Limanına media-tur təşkil olunub - FOTO

Laçın Beynəlxalq Hava Limanına media-tur təşkil olunub.

Aznews.az xəbər verir ki, Hava Limanının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nərmin Xəlilova bildirib ki, limanın açılışı tarixi bir mərhələdir: "Bu, Azərbaycanın doqquzuncu beynəlxalq hava limanı və azad olunmuş ərazilərdə inşa edilən üçüncü belə obyektidir".

Qeyd olunub ki, Laçın Hava Limanı qayıdışın və dirçəlişin simvoludur. Liman mürəkkəb dağ relyefində, dəniz səviyyəsindən 1 700 metr yüksəklikdə yerləşir. Bu layihə mühəndislik baxımından da böyük nailiyyətdir və peşəkarlığımızı, strateji düşüncə tərzimizi, mürəkkəb şəraitdə belə iddialı layihələri həyata keçirmək bacarığımızı nümayiş etdirir: "Bu hava limanı Qarabağ və Şərqi Zəngəzuru ölkənin digər hissələri və beynəlxalq marşrutlarla birləşdirən əsas nəqliyyat qovşağıdır. Regionun iqtisadi, sosial və logistik inteqrasiyasını sürətləndirəcək, turizmin, daşımaların və investisiyaların inkişafına ciddi təkan verəcək.

Hava limanı beynəlxalq standartlara tam uyğundur. Uçuş-enmə zolağı 3 000 metr uzunluğunda, 60 metr enindədir və bütün növ hava gəmilərini qəbul edə bilir. Sahəsi 60 000 kvadratmetrdən artıq olan perron eyni anda səkkiz təyyarənin dayanması və texniki xidməti üçün nəzərdə tutulub. Terminal binası 5 000 m² sahəyə malikdir və saatda 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Burada VIP zal, qeydiyyat və təhlükəsizlik zonaları, iaşə obyektləri, baqaj sistemləri və rəqəmsal infrastruktur mövcuddur".

Qeyd olunub ki, kompleksə müasir uçuşlara nəzarət qülləsi, iki transformator stansiyası, ehtiyat generatorlar, nasos və çirkab su təmizləmə sistemləri, videomüşahidə və yüksək sürətli rabitə sistemi daxildir. Bütün obyektlər ən son texnologiyalarla təchiz olunub.

Xatırladaq ki, dünən Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçın Beynəlxalq Hava Limanının rəmzi açılışını bildirən lenti kəsiblər.

image description image description image description image description image description image description image description