- Hadisə
- 30 May 13:35
- 1 806
Parlament ədliyyə orqanları və icra məmurları haqqında dəyişiklikləri ilk oxunuşda qəbul edib

Milli Məclis ədliyyə orqanlarının xüsusi xəzinə hesabının yaradılması və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə ödəniləcək rüsumlar artırılması haqqında ayrı-ayrı qanuna dəyişiklikləri ilk oxunuşda qəbul edib.
Bu barədə “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, İcra və probasiya xidmətləri icra məmurlarının həvəsləndirilməsi və sosial müdafiəsi məqsədilə ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaitindən istifadə ediləcək.
Qüvvədə olan qanunvericiliyə görə isə müvafiq ödənişlər icra xidməti icra məmurlarının xüsusi fondu hesabına həyata keçirilirdi.
Daha bir dəyişikliklə icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmurunun borcludan tutmalı olduğu pul məbləğinin miqdarı artırılır. Belə ki, bu halda alınmalı olan icra ödənişinin məbləği 7 faizdən 10 faizə qaldırılır.
Qanuna təklif edilən digər bir dəyişikliyə görə isə qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən 100 manat, borclu hüquqi şəxsdən isə 500 manat manat miqdarında icra ödənişi alınacaq.
Qüvvədə olan qanuna görə bu məbləğ müvafiq olaraq 11 manat və 55 manat idi.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.