- Müşahidə məntəqəsi
- 30 May 22:46
- 3 983
HƏMAS və İsrail arasında atəşkəs: Təhriflər, ritorika və reallıqlar

“Məsələyə iki aspektdən yanaşmaq olar. Birincisi, əgər bəyanat HƏMAS adından verilibsə, burada müəyyən təhrif və subyektiv yanaşma ehtimalı yüksəkdir. Ola bilər ki, bu bəyanat HƏMAS-ın hansısa açıqlamasının kontekstindən çıxarılaraq təqdim olunub. Belə hallarda həmin informasiyaya yanaşarkən kontekstə diqqət yetirmək vacibdir. İkincisi, bəzi hallarda qarşı tərəfi — yəni HƏMAS-ı — sülh danışıqlarına maraqlı olmamaqla ittiham edirlər. Bu cür təqdimatlar, əslində, İsrail tərəfinin müharibəni davam etdirməsinə haqq qazandırmaq cəhdidir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Xatırladaq ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir HƏMAS-ın ABŞ-nin dəstəklədiyi atəşkəs təklifini rədd etməsindən sonra Qəzzaya “tam güclə daxil olunmalı” olduğunu bildirib. O, Baş nazir Netanyahunu sərt addımlar atmağa çağırıb. Lakin bu çağırış sülhə deyil, daha genişmiqyaslı toqquşmalara yol aça bilər. HƏMAS-ın atəşkəs planına skeptik yanaşması birtərəfli şərtlərlə bağlı olsa da, bu, danışıqlardan imtina edib hərbi gücə yönəlmək üçün əsas deyil. “Tam güclə daxil olmaq” çağırışı minlərlə mülki insanın həyatı üçün ciddi təhlükə yaradır və nə İsrailin, nə də Fələstinin sabitliyinə xidmət etmir.
Siyasi şərhçi bildirib ki, bu yanaşmanın arxasında həm daxili auditoriyada, həm də beynəlxalq ictimaiyyətdə ictimai rəy formalaşdırmaq məqsədi dayanır.
“Çünki İsrailə beynəlxalq təzyiqlər artır və bu ölkə getdikcə sivil dünyadan təcrid olunur. Eyni zamanda, bir sıra region ölkələri ilə münasibətləri də pisləşməkdədir. Bütün bunların fonunda İsrail HƏMAS-ı hərbi və siyasi təşkilat kimi sıradan çıxara bilər. Lakin nəzərə almaq lazımdır ki, HƏMAS təkcə təşkilat deyil, həm də ideologiyadır. Və ideologiyanı tamamilə məhv etmək, hərbi bir qurumu sıradan çıxarmaqdan qat-qat çətindir. Bu proses illərlə, bəlkə də onilliklərlə davam edə bilər. Bu səbəbdən də İsrailin HƏMAS-ı tam şəkildə məhv etməsi real görünmür. Ən yaxşı halda, təşkilatın strukturuna zərbə vuraraq onu zəiflətmək mümkündür. Digər tərəfdən, ABŞ-ın İsraillə münasibətləri son vaxtlar nəzərəçarpacaq dərəcədə soyuyub. Bunun əsas səbəblərindən biri kimi, İsrailin İranın nüvə obyektlərinə mümkün hücum planlarının qarşısının ABŞ tərəfindən alınması göstərilir. ABŞ bu istiqamətdə İsrailə açıq şəkildə dəstək verməyib və bu, iki ölkə arasında gərginliyə səbəb olub. Yaranmış vəziyyət fonunda ehtimal olunur ki, İsrail getdikcə daha çox təzyiqlərlə üzləşəcək və nəticədə müharibəni dayandırmaq məcburiyyətində qalacaq”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az