- Siyasi müzakirə
- 29 May 20:20
- 2 702
"Avropa İttifaqının Siyasətində Enerji Paradoksu: Ukraynaya Dəstək, Rusiyaya Gəlir"

“Siyasətdə səmimiyyət deyil, reallıqlar ön plandadır. Bu reallıq Avropa İttifaqının (Aİ) Rusiya və Ukrayna arasında davam edən müharibə fonunda həyata keçirdiyi siyasətdə aydın şəkildə özünü göstərir. Rusiyaya qarşı tətbiq edilən sanksiyaların artıq 17-ci, hətta 18-ci paketə doğru irəliləməsinə baxmayaraq, bu sanksiyaların effektivliyi hələ də sual altındadır. Əsas səbəb Aİ-nin enerji sahəsində Rusiyadan asılılığını tamamilə aradan qaldıra bilməməsidir. Avropa İttifaqının daxili iqtisadi və siyasi reallıqları onun Rusiyadan tam şəkildə uzaqlaşmasını çətinləşdirir. Xüsusilə Mərkəzi və Şərqi Avropa ölkələri üçün Rusiya nefti və qazı hələ də əlçatan və nisbətən ucuz enerji mənbəyi olaraq qalır. Aİ-nin 2030-cu ilə qədər Rusiya enerjisindən tamamilə imtina etməyi nəzərdə tutan planı mövcuddur, lakin bu hədəf bir çox iqtisadi və strateji maneələrlə qarşılaşır”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.
Xatırladaq ki, “Bild” nəşrinin məlumatına görə, Rusiya 2025-ci ildə enerji və xammal ixracından 233 milyard avro gəlir əldə edəcək. Bunun azı 20 milyardı Aİ ölkələrindən gəlir. Bu rəqəm Aİ-nin Ukraynaya ayırdığı hərbi yardımı üstələyir. Beləliklə, Avropa bir tərəfdən Ukraynaya dəstək verir, digər tərəfdən isə Rusiyanın müharibə imkanlarını maliyyələşdirir.
Siyasi şərhçi qeyd edib ki, eyni zamanda Avropa İttifaqı Ukraynaya dəstəyini davam etdirir.
“Rusiyadan enerji idxalını davam etdirməsi ciddi ziddiyyət yaradır. Bir tərəfdən Ukraynanın müdafiəsinə dəstək verir, digər tərəfdən isə Rusiyanın maliyyə resurslarının formalaşmasına şərait yaradır. Avropa İttifaqı daxilində də bu məsələyə yanaşmalar fərqlidir. Litva və Polşa kimi ölkələr sərt sanksiyaların tərəfdarıdır, lakin Macarıstan və Slovakiya daha yumşaq mövqe tutur. Bu fikir ayrılıqları Ukraynaya hərbi yardımların təşkilində çətinliklər yaradır və Aİ-nin ortaq xarici siyasət strategiyasını zəiflədir. Nəticədə, İttifaq daxilindəki parçalanma geosiyasi təsir imkanlarını azaldır. Bununla yanaşı, Aİ-nin Rusiyadan ayda təxminən 2 milyard avro dəyərində neft, qaz və uran idxal etməsi diqqətçəkicidir. Bu, Ukraynaya edilən hərbi yardımların maliyyə həcmi ilə müqayisədə Rusiyaya yönələn daha böyük maliyyə axınının mövcudluğunu göstərir. Bu isə mövcud siyasətin içində ciddi bir paradoksun olduğunu ortaya qoyur”.
Siyasi şərhçi əlavə edib ki, yekun olaraq, Avropa İttifaqı bir tərəfdən Ukraynaya dəstək verməyə çalışır, digər tərəfdən isə Rusiyadan enerji asılılığını saxlamaq məcburiyyəti ilə üz-üzə qalır:
“ABŞ-da Donald Trampın yenidən siyasi səhnəyə dönüş ehtimalı və onun Rusiyaya qarşı yumşaq siyasət aparacağı proqnozları fonunda Avropa İttifaqının strateji mövqeyi daha da zəifləməyə başladı. Bu vəziyyət müharibədən sonrakı Avropada geosiyasi və enerji təhlükəsizliyi ilə bağlı ciddi suallar doğurur. Avropa İttifaqı alternativ enerji mənbələrinə keçidi sürətləndirməli və daxilindəki strateji birliyi qoruyaraq daha ardıcıl siyasət yürütməlidir. Əks halda, bu ziddiyyətli yanaşmalar İttifaqın həm iqtisadi, həm də siyasi dayanıqlığını sarsıda bilər”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az