- Tribuna
- 30 May 13:16
- 2 260
Laçın səmasına yeni nəfəs: Beynəlxalq Hava Limanının strateji əhəmiyyəti

Laçın rayonu Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən strateji əhəmiyyətə malik bir ərazidir. 2020-ci ildə Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat nəticəsində Laçın rayonu Azərbaycana hərbi əməliyyatlarsız qaytarıldı. Ali Baş Komandan İlham Əliyev tərəfindən qısa müddətdə regionda nəqliyyat, təhlükəsizlik və müdafiə infrastrukturun yenidən qurulması istiqamətində böyük işlər görüldü. Bu kontekstdə, Laçında beynəlxalq hava limanının açılması işğaldan azad olunmuş ərazilərdə nəqliyyat infrasturukturunun diversifikasiyası baxımından böyük əhəmiyyət kəsb edir. Laçında beynəlxalq hava limanının açılması yalnız regional deyil, həm də ölkə səviyyəsində nəqliyyat qovşaqlarının genişlənməsinə təkan verəcəkdir.
Laçında hava limanının açılması həm də bölgədə iqtisadi fəallığın artırılmasına təkan verəcək. Bu, turizm, ticarət və investisiyalar üçün əlverişli şərait yarada bilər. Xarici investorlar və şirkətlər bölgəyə daha rahat səfər edə bilər, bu da yeni iş yerlərinin yaradılmasına və rayon iqtisadiyyatının canlanmasına gətirib çıxara bilər.
Qarabağ və Şərqi Zəngəzurun təbii gözəllikləri və tarixi-mədəni abidələri turistlər üçün cəlbedici potensiala malikdir. Hava limanı turistlərin bölgəyə rahat və sürətli çatmasını təmin edərək turizm sektorunun inkişafına xidmət edər. Hava limanı Qarabağ və qonşu regionlar arasında kommunikasiya əlaqələrini gücləndirəcəkdir. Bu da sosial və mədəni mübadilənin artmasına da şərait yaradacaqdır.
Bu, həmçinin, milli təhlükəsizlik və nəqliyyat infrastrukturunun modernləşdirilməsinin nəticəsidir. Hava limanı Azərbaycanın bu strateji bölgəsində hərbi potensialın gücləndirilməsi vasitəsi kimi milli təhlükəsizliyə dəstək verə bilər.
Laçın işğal dövründə uzun müddət dağıntılarla üzləşmişdir. Bu baxımdan hava limanının tikilməsi, geniş infrastruktur işləri ciddi maliyyə vəsaiti tələb edirdi. Yol, su, elektrik, rabitə və digər mühüm xidmətlərin təminatı olmadan belə böyük layihənin həyata keçirilməsi mümkün deyildi. Azərbaycan işğal azad olunmuş ərazilərini özü dinçəldir, ərazilərdə 2021-ci ildən bəri geniş miqyaslı quruculuq və bərpa işlərinin görülməsinə start verilmişdir.
Prezident İlham Əliyev Macarıstanda keçirilən TDT dövlətlərinin qeyri-rəsmi Zirvə görüşü zamanı bildirmişdi ki, ölkəmizdə 9 hava limanı var, onlardan qısa müddət ərzində 3-cü işğaldan azad olunmuş ərazilərdə tikilib. Bu da Azərbaycanın işğaldan qurtardığı əraziləri dirçəltməklə bağlı böyük istəyi və əzmkarlığını göstərir. Ölkə başçısınən tapşırıqları əsasında böyük coşqu və həvəslə “Böyük qayıdış” davam edir, keçmiş məcburi köçkün və qaçqınlar öz doğma torpaqlarına geri dönür. Laçında beynəlxalq hava limanının açılması, ilk növbədə, bölgənin reabilitasiyasına və yenidən qurulmasına təkan verəcəkdir.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı