Azərbaycan çaylarının sululuq səviyyəsi açıqlanıb Azərbaycan çaylarının sululuq səviyyəsi açıqlanıb
  • Toplum
  • 7 Yanvar 2019 15:36
  •  1 141

Çayların suyu artıb

Azərbaycan çaylarının sululuq səviyyəsi açıqlanıb

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 80-130 faizini təşkil edir.

Bu barədə AzNews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 135 m3/s olmaqla ongünlük normanın 83 faizini təşkil edir. 2018-ci ildə isə bu rəqəm 203 m3/s olmaqla ongünlük normanın 125 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 90 m3/s olmaqla, ongünlük normanın 127 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 84 m3/s təşkil edərək ongünlük normanın 119 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Bankə və Araz çayının Novruzlu məntəqələrində 2, Surrada 5, Şirvanda 4, Salyanda isə suyun səviyyəsində 1 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 452 sm (2018-ci il yanvarın 7-də 398 sm), Şirvanda 351 sm (2018-ci il yanvarın 7-də 275 sm), Salyanda 311 (2018-ci il yanvarın 7-də 225 sm), Bankədə 261 sm (2018-ci il yanvarın 7-də 210 sm), Araz çayının Novruzlu məntəqəsində isə 185 sm (2018-ci il yanvarın 7-də 132 sm) təşkil edir.

Səidə Nurməmmədli
AzNews.az