• Toplum
  • 7 May 2020 11:54
  •  1 632

"Daha güclü həmrəylik nümayiş etdirməyimizə ehtiyac var” - Vüqar Bayramov

“Bu isə son günlər koronavirusa yoluxanların sayının artmasına səbəb olub"

Karantin tədbirlərinin yumşaldılması heç də sosial təcrid qaydalarına əməl edilməməsi anlamına gəlməməlidir.

AzNews.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, ancaq təəssüf ki, aparılan monitorinqlər göstərir ki, vətəndaşlarımızın bir qismi hətta sosial məsafənin gözlənilməsi tələbinə belə əməl etmir.

“Bu isə son günlər koronavirusa yoluxanların sayının artmasına səbəb olub. Pandemiyaya qarşı mübarizə və eyni zamanda, hər bir vətəndaşın sosial təcrid tədbirlərinə əməl etməsi, həm onların sağlamlığı, həm də ölkə iqtisadiyyatındakı yenidən formalaşan aktivliyin qorunub saxlanması baxımından vacibdir. Çünki yoluxma sayının artması ikinci dalğanın yaranmasına və karantin qaydalarının daha da sərtləşdirilməsinə gətirib çıxara bilər. O baxımdan hər birimizin sosial təcrid qaydalarına əməl etməsi vacibdir. Xüsusən də sağlamlığımızın qorunması, iqtisadiyyatdakı bərpa olunan aktivliyin saxlanılması, real sektordakı artımın mərhələli şəkildə yüksəlməsi üçün sosial təcrid tədbirlərinə əməl etməyimizə və bu məsələdə daha güclü həmrəylik nümayiş etdirməyimizə ehtiyac var”-deyə, o, əlavə edib.