• Toplum
  • 27 İyun 21:54
  •  2 977

Kür daşa bilər XƏBƏRDARLIQ - RƏSMİ

Yerli icra hakimiyyətlərinin də müvafiq tədbirlər görməsi vacibdir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Kür çayının ərazisində yaşayan əhaliyə xəbərdarlıq edib.

Aznews.az xəbər verir ki, U.Tağıyeva açıqlamasında bildirib ki, son günlərdə ölkə ərazisində, xüsusilə də respublikanın şimal və qərb rayonlarında qeyri-sabit hava şəraiti müşahidə olunur.

Onun sözlərinə görə, bu gün axşam saatlarında Gədəbəy rayonu ərazisində iri dənəli dolu qeydə alınıb: "Qeyri-sabit hava şəraiti qonşu ölkələrdə də müşahidə olunur. Səhər saatlarında Kür Qırakəsəmən məntəqəsində çayın səviyyəsi yarım metrdən artıq (53 sm) olması qeydə alınıb. Proses bu gün gecə ərzində də davam edəcək".

"Sabah gün ərzində Kür çayının yuxarı axınında yüksək sululuq müşahidə olunacaq, daşqın istisna edilmir. Ağstafa, Qazax, Tovuz rayonlarında yaşayan əhaliyə xəbərdarlıq edirik ki, Kür çayının yaxınlığında olan şəxslər diqqətli olsunlar. Yerli icra hakimiyyətlərinin də müvafiq tədbirlər görməsi vacibdir.

Yaxın günlər ərazində, yəni iyun ayının sonunadək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Dağlıq və dağətəyi rayonlarda leysan xarakterli yağışların yağması ehtimal edilir. Nəticədə respublikanın dağ çaylarında qısa müddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır. Bəzi rayonlara dolu düşəcəyi ehtimalı var" - Xidmət rəisi əlavə edib.