ADY sərnişin qatarlarında qiymətlərin müəyyən edilməsinə aydınlıq gətirib

Azərbaycanın regionlarına hərəkət edən sərnişin qatarlarında biletlərin qiymətləri onların alınma tarixinə, həftənin gününə, bayram günlərinə və oturacaq istiqamətinə görə müəyyən edilir.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib.

Məlumata görə, ADY 2024-cü il 1 noyabr tarixindən ölkədaxili marşrutlar üzrə dinamik qiymət siyasətinə keçib: "Bu qiymət siyasətinə əsasən, bilet qiymətləri tələbdən asılı olaraq dəyişir. Bilet satış sisteminə inteqrasiya edilmiş qabaqcıl texnologiyalar sayəsində sərnişinlərə real vaxtda qiymətləri izləmək və ən uyğun səyahət vaxtını seçmək imkanı yaradılır. Səfərə 30-25 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər endirimlərdən yararlana bilirlər. Məsələn, ən çox tələbat olan Bakı–Qazax–Bakı marşrutu üzrə hər bir sərnişin büdcəsinə uyğun olaraq standart (məsələn, Bakıdan Qazaxa 30-25 gün öncədən 16.20 AZN-ə, standart+ bilet ala bilər (eyni istiqamətə 30-25 gün öncədən 21,40 manata və biznes siniflərə (eyni istiqamətə 30-25 gün öncədən 39,90 manata). Eyni istiqamətə 30-25 gün öncədən birinci sinif üzrə biletin qiyməti isə 101,7 manat təşkil edir".