15 türkiyəli dənizçi girovluqdan xilas edilib

Bu barədə CNN Türk televiziyası məlumat yayıb

Nigeriya sahillərində heyət üzvləri dəniz quldurları tərəfindən girov götürülən 15 türkiyəli dənizçi xilas edilib.

APA-nın xəbərinə görə, bu barədə CNN Türk televiziyası məlumat yayıb.

Bildirilib ki, hazırda Nigeriyada olan dənizçilərin səhhəti normaldır.

Qeyd edək ki, bu il yanvarın 23-də Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər öldürülüb, 3 nəfər isə gəmidə qalıb. Öldürülən azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Azərbaycana göndərilərək doğulduğu Siyəzən rayonunda dəfn edilib.