Aİ Ukrayna limanlarından taxıl ixracına dair İstanbul sazişini alqışlayır

Jozep Borrelin sözlərinə görə, İstanbul sazişi doğru istiqamətdə atılmış addımdır.

Avropa İttifaqı (Aİ) Ukrayna limanlarından ərzaq ixracına dair İstanbulda bağlanmış sazişi alqışlayır.

Bu barədə Aznews.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir.

Belə ki, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrelin sözlərinə görə, İstanbul sazişi doğru istiqamətdə atılmış addımdır.

“Rusiyanın Ukraynaya qeyri-qanuni müdaxiləsi milyonlarla insanı aclıq təhlükəsi ilə üz-üzə qoyub. Bugünkü İstanbul sazişi düzgün istiqamətdə atılmış addımdır. Biz onun ən qısa zamanda həyata keçirilməsinə çağırırıq”, - J.Borrel yazıb.

Öz növbəsində, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel qeyd edib ki, bu sənəd dünyada milyonlarla insana fayda verə bilər.

“Qlobal ərzaq təhlükəsizliyi Aİ üçün prioritet məsələdir. Mən Ukraynanın taxıl ixracı üçün Qara dənizin blokdan çıxarılmasına dair razılaşmanı alqışlayıram. Bu saziş dünyada milyonlarla insana fayda verə bilər”, - Ş.Mişel tviter hesabında yazıb.

O əlavə edib ki, sazişin şərtlərinin ciddi şəkildə yerinə yetirilməsi onun işləməsi üçün mühüm əhəmiyyət kəsb edir.