- Müşahidə məntəqəsi
- 2 Oktyabr 2018 15:43
- 3 512
“Paşinyanın əvvəlki mövqeyi ilə indiki arasındakı fərq aydın müşahidə edilir” – Elnur Soltanov
Bir neçə gün öncə, daha doğrusu, Azərbaycan prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının toplantısı çərçivəsində Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyanla görüşdü. Qısa söhbətdən və ayaqüstü müzakirələrdən sonra Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqlar prosesinin davam etdirilməsinə razılıq verdi. Bu razılıq həm də münaqişə tərəfləri kimi Ermənistanın (işğalçı) və Azərbaycanın (işğala məruz qalan) əsas tərəf olduğunu bir daha təsdiq etdi.
Paşinyanın danışıqların davam etdirilməsinə “hə” deməsi həm də bir ay əvvəl “DQR”in sülh danışıqlarında tərəf kimi iştirak etməsi ilə bağlı fikrinin özü tərəfindən inkarı idi. Yəni, bütün parametrlər və müstəvilər, beynəlxalq hüquq normaları “Dağlıq Qarabağ Respublikası”nın tərəf kimi danışıqlardakı iştirakını rədd edib. 24 illik sülh danışıqları ancaq iki ölkə arasında və vasitəçilərin iştirakı ilə aparılıb.
Hətta bir sıra ekspertlər düşünür ki, təxminən üç-dörd həftə əvvəl “Dağlıq Qarabağ və ətraf yeddi rayon gələcəkdə Ermənistana birləşdirilə bilər” –deyən baş nazirin prezident İlham Əliyevlə görüşdən sonra danışıqlar prosesinin bərpasına razılıq verməsi işğalçı dövlətin baş nazirinin başqa çıxış yolunun qalmamasından qaynaqlanır.
Politoloq, ADA Universitetində Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov bildirib ki, Ermənistanın baş nazirinin əvvəlki mövqeyi ilə indiki baxışları arasındakı fərqi aydın şəkildə hiss etmək olur. Ekspertin sözlərinə görə, bu da başadüşüləndir: “Hələ ki, danışıqlar prosesi başlamayıb. Detalları hələ bilmirik. Bu baxımdan ayaqüstü fikir söyləmək əhəmiyyət kəsb etmir. Detallara baxmaq lazımdır. Yəni, substantiv danışıqlar başlamadan Paşinyanın mövqeyinin tam olaraq necə ortaya çıxacağı haqda fikir səsləndirmək bir az tezdir. Amma fərqi hiss etmək mümkündür. Ermənistanın baş nazirinin əvvəlki mövqeyi ilə indiki baxışları arasındakı fərqi aydın şəkildə hiss etmək olur. Bu da başa düşüləndir. Nə mənada? Paşinyanın daxili tamaşaçı kütləsinə oynamaq üçün verdiyi bəyanatlarla onun real beynəlxalq münasibətlər çərçivəsində atacağı addımlar bir-birindən fərqlidir. Daxili siyasi auditoriya üçün oyun planları başqadır. Bu erməni kütləsinə oynamaq deməkdir. Eyni zamanda parlamentdəki Sarkisyan qrupu, “respublikaçı”larla gərgin münasibətləri balanslaşdırmaqdan ibarətdir. Bunun özünəməxsus məntiqi, qaydaları var və Paşinyan da həmin qaydalara əməl edir. Amma söhbət real danışıqlara gələndə Erməni “daxili bazar”ının tələbləri burada rol oynamır. Yəni, bu adam beynəlxalq aləmin, Rusiyanın, ilk növbədə isə Azərbaycanın tələblərinə daha uyğun mövqe sərgiləməlidir ki, ortaq məxrəc yaransın və danışıqlar başlasın”.
Elnur Soltanov hesab edir ki, Paşinyanın danışıqların bərpasına razılıq verməsinin birinci səbəbi daxili siyasətlə beynəlxalq siyasətin arasındakı nəzəri fərqdir. Politoloq onu da bildirib ki, dünya müstəvisində çox az siyasətçinin “ev”də verdiyi bəyanatlarla beynəlxalq arenada səsləndirdiyi fikirlər nadir hallarda üst-üstə düşüb. Elnur Soltanov ikinci səbəbin daha praqmatik qaynaqlara söykəndiyini ifadə edib: “İkinci səbəb ondan ibarətdir ki, Paşinyan əvvəlki “Qarabağ klanı”ndan fərqli olaraq daha liberaldır. Siyasi sələfləri sayılan səhra komandirlərindən fərqli olaraq Qarabağda döyüşməyib. Əli azərbaycanlıların qanına batmayıb. Paşinyan Ter-petrosyan məktəbindən gələn bir insandır. Bu cür insanla uzlaşmaq haradasa mümkündür. Yenə də milliyətçilikləri qalır, Qarabağın müstəqilliyi mövzusunda dirəniş göstərəcəklər, amma nisbətən daha liberaldırlar. Bu da nisbidir. Hazırda Paşinyanın əsas problemi “respublikaçı”ların çoxluq təşkil etməsidir. Paşinyan çoxluğun Serj Sarkisyanın əlində olan parlamentin baş naziridir. Belə bir baş nazirin mövqeyi olduqca zəifdir. Həddindən artıq zəif mövqeyə malikdir. Çünki parlament istədiyi vaxt onu vəzifəsindən azad edə bilər. Çünki çoxluq başqa partiyadan olmaqla hökumət rəhbəri seçilmək absurddur amma bu baş verib. Çünki etiraz aksiyalarının iştirakçıları Paşinyanı dəstəklədi”.
Politoloqun fikrincə indi Paşinyan daxildə olan xoşəgəlməz səbəblərdən dolayı radikal mövqe sərgiləməyə məcburdur: “Hətta bir az fərqli görüşlər sərgiləsə, bu dəfə həmin arqumentlər Sarkisyanın komandası tərəfindən onun özünə qarşı istifadə oluna bilər. Paşinyan bu qorxunun təsiri altında, mövcud siyasi şəraitə uyğun olaraq bir az radikal davranır. Paşinyan Sarkisyan – “Qarabağ klanı”ndan qurtulduqdan sonra onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara hazır olub-olmadığını görəcəyik. Bunlar səsləndirilən ilkin fikirlərdir. Paşinyanın əsas düşüncələrinin nədən ibarət olduğunu bilmirik. Yəni, onun real düşüncəsi daha liberal olsa belə, mövcud siyasi kontekst buna imkan vermir ki, liberallığını biruzə versin. Hələ ki, bu baxımdan çox tezdir. Bəlkə də gələcəkdə siyasi mövqeyi gücləndikdən sonra onun əsl üzünü görəcəyik. Bu mövqe liberal olarsa, çox gözəl, əks təqdirdə biz də həmin mövqeyə uyğun addımlarla qarşı tərəfə cavab verəcəyik. Çünki Azərbaycan öz mövqeyini qarşı tərəfə uyğun müəyyənləşdirmir, rəsmi Bakı öz mövqeyini ümumi prinsiplərə, beynəlxalq hüquqa əsasən müəyyənləşdirir. Ermənistan da ya bununla razılaşacaq, ya da ki, xoşagəlməz vəziyyət onların əleyhinə davam edəcək”.
Oxucular üçün maraqlı olacağını düşünüb yazımızın sonunda onu da qeyd edək ki, Paşinyan Düşənbə görüşünü başa vurduqdan sonra İrəvanda mətbuat konfransı keçirib. Ermənistanın baş naziri bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev Paşinyana savadlı və təmkinli siyasətçi təsiri bağışlayıb. O, Azərbaycan prezidenti ilə ayaqüstü sivil söhbətlərinin onda müsbət təəssürat oyatdığını vurğulayıb. (hafta.az)
AzNews.az