“Sülhməramlılar bu proseslər haqqında açıqlama verməlidirlər” - Arzu Nağıyev

Millət vəkili: “Ermənistan sərhəddə təxribatlara davam edərsə, antiterror əməliyyatı keçirməyə imkan yarana bilər”

Millət vəkili Arzu Nağıyev AzNews.az analitik- informasiya portalına son vaxtlar Azərbaycan- Ermənistan sərhəddində yaranan gərginlikdə Rusiya sülhməramlı qüvvələrinin mövqeyindən danışıb.

O bildirib ki, atəşkəs Ermənistanın tör-töküntü qruplaşmaları tərəfindən pozulur.

“Ermənistan tərəfinin atəşkəsi mütəmmadi şəkildə pozması heç bir çərçivəyə sığmır. Bu hadisələr mütləq şəkildə araşdırılmalıdır. Əsas məsələ ondan ibarətdir ki, atəşkəsin pozulması sülhməramlı qüvvələrin məhz bölgədə olduğu bir müddətdə baş verir. Sülhməramlılar bu gün doğrudan da sülhün bərqərar olunması istiqamətində addımlar atmağa çalışırlarsa, bu məsələlərə aydınlıq gətirməlidirlər. Təxribatların nə üçün, niyə və hansı qruplaşmalar tərəfindən edildiyi araşdırılmalı və dəqiq şəkildə aşkara çıxarılmalıdır. Rusiya sülhməramlıları atəşkəsi pozan qüvvə haqqında özü açıqlama verməlidir. Vəziyyətlə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrləri ciddi cəhdlə yeni addımların atılması istiqamətində açıqlamalar verməkdədir. Lakin burda hansısa separatçı danışıqlardan söhbət gedə bilməz. Hər bir dövlət öz mövqeyini, fikrini bildirməlidir. Əsas məsələ ondan ibarətdir ki, təxribatlar Azərbaycan sərhədində gərginliyə səbəb olur".

Deputat qeyd edib ki, Ermənistan sərhəddə təxribatlara davam edərsə , antiterror əməliyyatı keçirməyə imkan yarana bilər .

“Bu nöqtəyə çatmamaq üçün atəşkəsi pozan tərəfin cavabları verilməlidir. Rusiya sülhməramlıları birmənali şəkildə bunun qarşısı almalıdır. Məlumdur ki, delemitasiyası və demarkasiyası məsələsi eyni zamanda Ermənistanın da marağındadır. Orada Köçəryan və Sarkisyanın inhisarında olan revanşist qüvvələr var. Lakin Ermənistanın daxili siyasəti bir yana, Ermənistan tərəfi törətdikləri təxribatlarla bağlı cavab verməlidirlər. Bu cavabın tapılması ilk növbədə sülhməramlı qüvvələrin marağında olmalıdır", - deyə A. Nağıyev vurğulayıb.

Şəbnəm Zahir

AzNews.az