Zaur Məmmədov: “Müqavilədə Ermənistanın heç bir istəyi yer almayıb” Zaur Məmmədov: “Müqavilədə Ermənistanın heç bir istəyi yer almayıb”

“10 noyabr bəyanatı Azərbaycanın maraqlarına cavab verir”

Zaur Məmmədov: “Müqavilədə Ermənistanın heç bir istəyi yer almayıb”

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli bəyanatın imzalanmasından bir il ötür.

Mövzu ilə bağlı politoloq Zaur Məmmədov AzNews.az analitik- informasiya portalına danışıb.

O bildirib ki, ötən il bütün dünya noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatını müzakirə edirdi: “Bəyanatla tanış olduqda münaqişə tərəfləri üçün kifayət qədər ciddi və həssas məqamların Azərbaycanın xeyrinə dəyişdiyini görmüş olarıq. Üçtərəfli bəyanatın imzalanmasının ardından Azərbaycan Prezidenti xalqa müraciət edib. Dövlət başçısı müraciətində üçtərəfli Bəyanatın tarixi əhəmiyyəti olduğunu bildirib” .

Politoloqun sözlərinə görə, imzalanmış sülh müqaviləsində Ermənistanın heç bir istəyi yer almayıb. Azərbaycanın isə, bütün tələbləri Paşinyan tərəfindən qəbul edilib: “Sülhün kimə nə verəcəyi haqqında kifayət qədər ciddi diskussiyalar aparılırdı. Ermənistanda bir çoxu razılaşmanın ancaq və ancaq Azərbaycanın xeyrinə olduğunu deyərək, küçələrə çıxırdı. Paşinyanı satqınlıqda günahlandırdılar. Azərbaycanda bir-iki siyasi partiya və xaricdəki bəzi müxalif dairələr isə bütün dünyanın məhz bizim bu müqavilə ilə qələbə çaldığımızı etiraf etməsinə baxmayaraq, yeni sazişi tənqid edirdi. Baş verən hadisələri təhlil etmək qabiliyyətinə malik olan hər kəs bu sazişin münaqişənin məhz Azərbaycanın maraqlarına cavab verdiyini çox yaxşı bilir", - deyə Zaur Məmmədov qeyd edib.

Şəbnəm Zahir