Qərbin Azərbaycana qarşı qərəzli siyasəti erməni sevgisindən qaynaqlanmır - ŞƏRH

“Prezident İlham Əliyev bu ayın əvvəlində Azərbaycan televiziyasının jurnalistlərinə müsahibəsi zamanı bir məqama toxunmuşdu. O, qeyd etmişdi ki, 44 günlük müharibədən, yəni Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra qlobal güclərin siyasi laylarını tərpətdi. Erməni işğalçıları Azərbaycan ərazisindən çıxarəldıqdan sonra regionda yeni geosiyasi situasiya yaranıb. Ümumilikdə, başda ABŞ olmaqla Qərb koalisiyasiyası Ermənistan üzərindən Cənubi Qafqaza girmək istəyirdi və 44 günlük müharibə Qərbin bu planlarını pozdu. Bu baxımdan Qərb Azərbaycana qarşı növbəti təzyiq kampaniyasına başlayıb ki, gələcəkdə Ermənistan-Azərbaycan arasında sülh sazişi Paşinyan hakimiyyətinin xeyrinə uyğun qəbul edilsin. Çünki Azərbaycan və Ermənistan arasında sülh sazişi əldə edilərsə, erməni cəmiyyəti Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilər. Bu baxımdan Qərb Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır. Paşinyan üzərindən Cənubi Qafqazda öz proyektlərini həyata keçirmək istəyir. O ki qaldı ərazi məsələsinə, bu məsələ çox mürəkkəbdir”.

Bu sözləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

O qeyd edib ki, 10 noyabr sazişinə görə Ermənistan öhdəlik götürmüşdü ki, Zəngəzur dəhlizi Azərbaycanın istifadəsinə veriləcək. Ermənistan bu öhdəliyi yerinə yetirmir, çünki bu da Qərbdən gələn bir təzyiqdir:

“Təbii ki, Ermənistan bu dəhlizə icazə verməyəcək. Sonda nəqliyyat infrastrukturunun açılması da qeyri-mümkün olacaq. Ermənistan da blokadada qalacaqdır. Ümumilikdə, Qərbin Azərbaycana qarşı qərəzli bir siyasəti var. Bu, erməni sevgisindən qaynaqlanmır. Cənubi Qafqazda aparıcı dövlət Azərbaycandır. Cənubi Qafqazda böyük güclərin maraqları Azərbaycan üzərindən həyata keçirilə bilər. Bu baxımdan Azərbaycana təzyiq olunur. ABŞ və NATO bloku Rusiyanı düşmən elan edib. Onu dünya siyasi xəritəsindən silmək istəyirlər. Bu baxımdan Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyanın Avropa ilə əlaqəsi kəsilib və Rusiyanın Cənub cinahı açıqdır. Yəni Rusiyanın İran, Türkiyə üzərindən Afrika coğrafiyasından çıxmaq üçün Cənubi Qafqaz Rusiya üçün xüsusi önəm daşıyır. Bu baxımdan Rusiyanın Cənub cinahını bağlamaq üçün ABŞ və Qərb Koalisiyası Cənubi Qafqaz respublikalarını öz təsirinə salaraq Rusiya əleyhinə istifadə etmək istəyir. Bu baxımdan Azərbaycanda böyük güclərin əlində alətə çevrilmək istəmir və qonşularla dinc yanaşı yaşama prinsipinə üstünlük verir. Bu baxımdan Azərbaycan Qərbin bu planını qəbul etmir. Azərbaycan öz dövlət və milli maraqlarına uyğun davranır”.

A.Məsiyev sonda vurğulayıb ki, ona görə də Qərb müxtəlif bəhanələrlə guya Azərbaycan Ermənistan ərazisinə hərbi yolla işğal edəcək kimi avantürist bəyanatlarla çıxış edirlər.

“Eyni zamanda AŞPA-nın Azərbaycana qarşı qərəzli davranışını da gördük. Hesab edirəm ki, Qərbin Azərbaycana qarşı davranışı nə beynəlxalq hüquq prinsiplərinə, nə də siyasi reallıqlara söykənir. Əgər Qərb istəyirsə ki, Cənubi Qafqazda sülh və əmin amanlıq olsun, onda Ermənistanı niyə silahlandırır? Ermənistanı həm siyasi, həm iqtisadi, həm hərbi cəhətdən dəstək verilir ki, Azərbaycana qarşı gələcəkdə təzyiq kimi istifadə edilsin. Təbii ki, Azərbaycanın da özünü müdafiə etmək haqqı var. Azərbaycan dövləti beynəlxalq hüquq çərçivəsində öz siyasi xəttini həyata keçirir. Azərbaycanın ədalətsiz olaraq torpaqlarının alınıb ermənilərə verilməsi tarixi bir ədalətsizlikdir. Azərbaycan xalqı isə bu ədalətsizliyin bərqərar olmasını istəyir”.

Rəfiqə NAMAZƏLİYEVA