YAP Xətai rayon təşkilatı "Əsrin müqaviləsi"nin 25 illiyi münasibəti ilə bu mövzuda geniş tədbir keçirib YAP Xətai rayon təşkilatı "Əsrin müqaviləsi"nin 25 illiyi münasibəti ilə bu mövzuda geniş tədbir keçirib
  • Tribuna
  • 19 Sentyabr 2019 17:36
  •  4 387

"Əsrin müqaviləsi" gənclərin düşüncəsində - FOTO

YAP Xətai rayon təşkilatı "Əsrin müqaviləsi"nin 25 illiyi münasibəti ilə bu mövzuda geniş tədbir keçirib

Dünən YAP Xətai rayon təşkilatının təşkilatçılığı ilə SOCAR-ın «Qaz İxrac» İdarəsində «Əsrin müqaviləsi» gənclərin düşüncəsində» mövzusunda geniş tədbir keçirildi.

Təbirdən öncə iştirakçılar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər güllər düzdülər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı və «Əsrin müqaviləsi»nə həsr olunmuş videoçarx nümayiş etdirildi.

Tədbiri «Qaz İxrac» İdarəsinin rəisi Qağməli Seyfullayev açaraq «Əsrin müqaviləsi»nin tarixi əhəmiyyətindən danışdı. Vurğuladı ki, bu müqavilə ilə Azərbaycan öz müstəqilliyini möhkəmləndirdi və sonrakı illərdə ölkəmiz regionun lider ölkəsinə çevrildi.

Onun sözlərinə görə, Ulu Öndərin «Əsrin müqaviləsi» dahiyanə uzaqgörənliklə hazırladığı yeni neft strategiyasınıntəməli oldu. Azərbaycanda yeni dövrün başlanğıcı oldu. Bununla da nəinki neft sənayemiz, hətta ölkəmiz inkişafın yeni mərhələsinə qədəm qoydu. Biz neftçilər bu gün müqavilənin imzalanmasının 25 illiyini böyük uğurlarla qarşılayırıq. Bu uğurlar həm də xalqımızın, dövlətimizin uğurlarıdır.

Təbirə moderatorluq edən YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin sədri Orxan Bayramov sözü YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadəyə verdi.

V. Rəhimzadə bildirdi ki, «Əsrin müqaviləsi» çox mürəkkəb və çətin bir dövrdə imzalandı: «Bu müqavilənin imzalanması cəsarət və qətiyyət tələb edirdi. Çünki Azərbaycanda o dövrdə çox çətin geosiyasi mühitmövcud idi. Lakin Ulu Öndər öz həyatını xalqımız və dövlətimiz üçün təhlükələrə ataraq bu tarixi müqavilənin imzalanmasına nail oldu. Ulu Öndər dünyanın çox böyük neft şirkətlərini inandıra bildi ki, Azərbaycan neft sənayesinə sərmayə qoymaq bütün tərəflərə xeyir və mənfəət gətirəcəkdir. Bu müqavilənin icrası ilə Azərbaycan dövləti iflas olmaq təhlükəsindən nəinki qurtardı, hətta yeni inkşaf imkanları qazandı. Əslində, «Əsrin müqaviləsi»nin 25 illiyi təkcə neftçilərin deyil, həm də bütünlükdə xalqımızın bayramıdır.»

YAP Siyasi Şurasnın üzvü, YAP Gənclər Birliyinin (GB) sədri Seymur Orucov çıxış edərək bildirdi ki, xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. Elə ilk günlərdən SOCAR-ın o zamankı birinci vitse-prezidenti, Milli Məclisin deputatı cənab İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin mərkəzində özünün yığcam şəkildə ifadə etdiyi belə bir möhkəm ideya durur: «Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir».

S. Orucov üzünü gənclərə tutaraq onları bu günkü müstəqil Azərbaycanı qorumağa və Heydər Əliyev ideyalarına sədaqətli olmağa səslədi: «Bizim daha böyük inkişaf yolumuz məhz bu prinsiplərin bərqərar olmasından keçir».

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədadə bildirdi ki, 1994-cü il sentyabrın 20-də Bakıda «Gülüstan» sarayında Xəzərin Azərbaycan sektorundakı «Azəri», «Çıraq», «Günəşli» yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında «məhsulun pay bölgüsü» tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə «Əsrin müqaviləsi» adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdır. «Əsrin müqaviləsi»ndə dünyanın ən qabıqcıl ölkələrinin ən məşhur neft şirkəti iştirak etmişdir. Bununla da «Yeni neft strategiyas» və doktrinası uğurla həyata keçirilməyə başlandı. «Əsrin müqaviləsi» Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi.

Z. Səmədzadənin sözlərinə görə, «Əsrin müqaviləsi»nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə SOCAR ilə birgə işlərə başlandı. «Əsrin müqaviləsi» həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdir. «Əsrin müqaviləsi» bügünkü inkişaf etmiş Azərbaycanın təməl prinsipi rolunu oynadı.

Tədbirdə SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov çıxış edərək «Əsrin müqaviləsi»nin tarixi bir layihə olduğunu bildirdi. Vurğuladı ki, bu müqavilə Azərbaycanın iqtisadi mənafelərni ciddi şəkildə qoruyurdu və yalnız Heydər Əliyev kimi qətiyyətli və müdrik bir dövlət başçısı belə bir mükəmməl müqavilənin imzalanmasına nail ola bilərdi. Heydər Əliyev bir daha sübut etdi ki, Azərbaycan xalqının mənafeyi və inkişafı onun siyasi fəaliyyətinin əsas qayəsidir.

Xalik Məmmədov «Əsrin müqaviləsi»nin imzalanmasından keçən dövrdə neft sənayesinin inkişafından, onun kadr ehtiyatının zənginləşməsindən danışdı. Bildirdi ki, ötən əsrin 90-cı illərində neft şirkətindəki mütəxəssislərin böyük hissəsi ya peşə təhsilli fəhlələr, ya da ki, qeyri -neft pofilli insanlar idi. Lakin Prezident İlham Əliyev bizim qarşımıza vəzifə olaraq SOCAR əməkdaşlarının peşəkar neft mütəxəssislərindən formalaşmasını qoydu. Bu gün beynəlxalq təhsildə yüksək reytinqli Bakı Ali Neft Məktəbi (BANM) və yüksək standartlara malik təlim-tədris mərkəzləri fəaliyyət göstərir. Xaricdə yüzlərlə tələbə təhsil alıb və onlar SOCAR-ın müəssisələrində çalışırlar. BANM-ı yüksək ixtisaslı tələbələrin isə həm SOCAR-da həm də dünyanın ən nüfuzlu neft şirkətlərində işləyirlər. Bu isə o deməkdir ki, Azərbaycan neft sənayesi peşəkar kadrların əlindədir.

Vitse-prezidentin sözlərinə görə, «Əsrin müqaviləsi»nin əhəmiyyəti təkcə gözlənilən iqtisadi səmərə ilə məhdudlaşmırdı. Bu müqavilənin imzalanması ilə Azərbaycan həm də 1990-cı illərin əvvəllərində bütün postsovet məkanını bürümüş fəlakətli vəziyyətdən çıxırdı. O illərdə dövlətimiz tarixi Azərbaycan dövlətçiliyinin varislik hüquqlarını həyata keçirməyə, təkcə özünün mövcud olduğu qısa zaman kəsiyi üçün deyil, həm də gələcək tarixinin bütün dövrləri üçün məsuliyyət daşımağa borclu idi. Bu mənada müqavilə” öz üzərində həm də mühüm bir tarixi missiya daşıyan sənəd idi.

Tədbirdə YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov çıxış edərək bildirdi ki, «Əsrin müqaviləsi»nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı. Birinci növbədə 1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində «Çıraq-1» özülü Qərb standartlarına uyğun olaraq bərpa olundu və böyük maillikli quyuların qazılması məqsədilə bu özülün üst modulu modernizə edilərək yeni qazma avadanlıqları ilə təchiz olundu. İlk dəfə 1999-cu ilin dekabrında Azərbaycanın «mənfəət nefti» ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Bu neftin satışından əldə edilən valyuta ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fonduna daxil olur və xalqa fayda verir.

H. Mirələmov üzünü gənclərə tutaraq dedi ki, siz çox xoşbəxtsiniz ki, azad və qüdrətli Azərbaycanın vətəndaşlarısınız. Dövlətimizin başçısı cənab İlham Əliyev gənclər üçün ən yaxşılarını edir ki, siz yaxşı təhsil alasınız, əsl şəxsiyyət kimi formalaşasınız. Çünki Vətənin gələcəyi intellektli gənclərdən, onların yüksək vətənpərvərlik hisslərinin formalaşmasından asılıdır.

Qeyd edək ki, tədbirin sonunda Xətai rayon məktəblilərinin «Əsrin müqaviləsi»nə həsr olunmuş inşa müsabiqəsinin qalibləri də mükafatlandırıldı. («İki sahil»)

image description image description image description image description image description