Dünən və srağagün Şuşada gördüyüm adamlar mənə Kəbənin başında, əlləri sinələrinin üstündə, efram bağlamış vəziyyətdə gördüyüm insanları xatırlatdılar Dünən və srağagün Şuşada gördüyüm adamlar mənə Kəbənin başında, əlləri sinələrinin üstündə, efram bağlamış vəziyyətdə gördüyüm insanları xatırlatdılar
  • Tribuna
  • 14 May 2021 14:35
  •  32 062

Şuşadakı festivalda unudulan tək şey...

Dünən və srağagün Şuşada gördüyüm adamlar mənə Kəbənin başında, əlləri sinələrinin üstündə, efram bağlamış vəziyyətdə gördüyüm insanları xatırlatdılar

Ətrafımdakı adamları cəmi bir dəfə belə görmüşəm. On altı il əvvəl Həcc ziyarətinə gedəndə, insanların dini ritualları yerinə yetirib müqəddəs yerləri ziyarət etdikcə necə başqalaşdığını müşahidə edirdim. Məkkə və Mədinəni ziyarət edən, Kəbənin başında təvaf edib, qurbanını kəsən adamları tanımaq olmurdu. Hamının gözləri nurlanıb, üz cizgiləri dəyişib, sanki müqəddəslikdən pay almış kimi olurdular...

Dünən və srağagün Şuşada gördüyüm adamlar mənə Kəbənin başında, əlləri sinələrinin üstündə, efram bağlamış vəziyyətdə gördüyüm insanları xatırlatdılar. Hamı sıfırlanmış vəziyyətdə, hamı mələk kimi...

Şuşa o qədər gözəl, festival o qədər möhtəşəm, adamlar o qədər əzəmətli idi ki, bütün bunları təsvir etmək üçün söz acizdir, gəlsə, musiqi öhdəsindən gələr...

Elə musiqi də bacarmışdı. Üzeyir bəy "Koroğlu" uvertürasını elə dünən üçün yazıb hazır qoymuşdu. O Cıdır düzündə səsləndikcə Şuşa dağlarında qartalların dövrəyə çıxması tanrının yellədiyi əl idi. Quşlar yox e, qartallar qanad salırdı dünənki törənə...

Ümummilli lider Heydər Əliyev Şuşaya mütləq qayıdacağımızı dünən elə deyirdi ki, hamımız onun tədbirdə canlı iştirakını görürdük. Asəf Zeynallı "Ölkəm"i elə dünən üçün yazıb qoymuşdu və ilk dəfə səslənirdi. Bülbül Şuşanı öz "Volqa"sında dünən hamı ilə birgə gəzirdi.

İnanın Maestro Yalçın Adıgözəlov Qarabağ şikəstəsinə dirijorluq edəndə, Alim Qasımov səhnəyə doğru addımlayanda az qaldı nəfəsim kəsilsin.

Nəyisə lentə alanda yaşamağı qaçırdaram deyə, heç nə çəkmirdim. Ruhum canlı yayım edirdi, nə vaxt istəsəm, lenti geri çevirə bilərəm deyib telefonumu ilk dəfə əlimə götürdüm. Fərhad Bədəlbəylini bu kadrda tutmaq... Necə əzəmətli mənzərədi, İlahi... Adam elə bil Cıdır düzündə royalın arxasında, bu görkəmdə şəkli çəkilmək üçün doğulub.... Bu qədər ömrü sanki bu kadra görə yaşayıb.

Mən dünən bilirsiniz nəyə söz vermişəm? Heç vaxt bundan sonra konsertə getməyəcəyimə. "Xarıbülbül" festivalından aldığım zövq mənim bir ömür musiqi, konsert ehtiyacıma bəs edəcək. Adam ən çox sevdiyinə o olmayanda da bir ömür sadiq qalar e, bax mənim də içimdə dünənki konsertə elə bir sədaqət yaranıb. Getmərəm "Xarıbülbül"dən savayı yerə...

Dünən bilmirəm, qəzavü-qədərdən idi, ya bu sualı ona vermək üçün Tanrının təşkil elədiyi yerləşməydi, bilmirəm, Prezidentin Təhlükəsizlik Xidməti rəisi, general-polkovnik Bəylər Əyyubovla yanaşı oturmuşdum. Ona tərəf çevrilib bir sual vermək istədiyimi dedim. "Buyur, problem yoxdur" dedi. Soruşdum ki, görəvinizdən dolayı Azərbaycanın son 30 illik tarixinə şahidlik etmisiz. Ölkədə baş verən bütün hadisələri görmüsüz. Sizcə, bundan böyük gün olub Azərbaycanda? Qayıtdı ki, gözəl anlar olub, amma belə möhtəşəm gün doğrudan da xeyr, olmayıb...

Bu arada Heydər Əliyev Fondunun əməkdaşlarının dünən bəlkə heç özlərinin də xəbəri yox idi ki, dünyanın ən gözəl tədbirini təşkil etmişdilər. Amma unutduqları bir şey vardı - adamlara salfet paylamamışdılar. Göz yaşlarımızı əlimizin arxası ilə siləsi olurduq. Ya da bu fotodakı kimi iki nəfərə bir cib dəsmalı ilə...

Burada Mirşahin cibindən əl dəsmalını çıxardıb əvvəl öz göz yaşlarını silir, sonra mənə uzadıb deyir:

- Bunun adı Katarsisdir. Mənəvi təmizlik prosesi...

Festivaldakı hər şey, hər iki günün repertuarı, Azərbaycanda yaşayan xalqların o şəkildə iştirakı tolerantlığın, multikulturalizmin rəsm əsəri idi.

Konsert bitir və eynən Kəbənin ətrafındakı təvaf kimi Cıdır düzündə dövrə vururam, amma saat əqrəbinin əksinə yox... Və elə Həcc ziyarətinə gedəndə Tanrıdan bu müqəddəs torpaqda əbədi qalmağı azulayan insanları xatırlayıram... İki əlimi də Şuşada tikiləcək məscidin minarəsi kimi Tanrıya uzadıb bütün şəhidlərimizin hər birinin ruhu qarşısında onların sayı qədər baş əyirəm. Bu müqəddəs torpağın uğrunda mənə də can verməyi nəsib etməsini ondan sidq-ürəklə diləyirəm. Və bütün varlığımla ona müraciət edirəm:

Ulu Tanrı, bu hissləri mənə yaşatdığın üçün sənə minnətdaram...

Elbrus Ərud