Nə oldu Paşinyan, pardon Jirinovski? Nə oldu Paşinyan, pardon Jirinovski?
  • Tribuna
  • 1 Avqust 2021 10:03
  •  18 724

"Jirinovski yenə təlxəklik edir" - Sahib Alıyevin məqaləsi

Nə oldu Paşinyan, pardon Jirinovski?

Prezident İlham Əliyev iyulun 20-də Rusiyaya səfərindən sonra verdiyi intervüdə dövlətlərimiz arasında əlaqələrin qarşılıqlı faydaya dayanan strateji xarakterindən bəhs etmişdi. Rusiya Prezidenti haqda danışarkən isə bildirmişdi ki, aralarında "çox möhkəm dostluq əlaqələri var" və "bir-birinə inanan siyasətçilər"dirlər.

Bu deyilənlər reallığı əks etdirməklə yanaşı, ilk növbədə Azərbaycanın ən yüksək səviyyədə Rusiya və onun dövlət başçısına yanaşmasını ortaya qoyur.

Deputat bildirib ki, Rusiyanın özündə isə belə görünür ki, praqmatik və geosiyasi vəziyyəti çox düzgün qiymətləndirməyi bacaran cənab Putinin Qafqazla bağlı siyasətini bölüşməyən, Azərbaycanın ikinci Qarabağ savaşında qazandığı zəfəri həzm edə bilməyən, hətta az qala öz məğlubiyyətləri kimi dəyərləndirən çevrələr də var. Və onlar heç də müxalifət təmsilçiləri deyillər:

"Hər halda Vladimir Jirinovskinin dövlətimiz və dövlət başçımızla bağlı həddini aşan sərsəmləmələri belə deməyə əsas verir. Vladimir Jirinovskinin siyasətçidən daha çox təlxək olduğu kimsəyə sirr deyil. Və o da kimsəyə sirr deyil ki, o, istedadlı təlxəkdi. Bəli, təlxəkdir yox, təlxəkdi, təlxək idi yəni. Son sərsəmləmələrindən görünür ki, yaş artıq özünü göstərir və onda demenesiya əlamətləri başlayıb. Ağıl və məntiqinin də əxlaqı kimi azdığı hiss olunur. Əks təqdirdə o, "Güney Qafqaz bizim təsir zonamızdır, çünki 200 il bayrağımız altında olub" deməzdi. Onda soruşarlar ki, bəs siz 240 il kimin tabeçiliyində yaşamısınız, bəlkə, orta əsrlərə qayıdaq?

Jirinovskinin Azərbaycan Prezidenti cənab İlham Əliyevə Rusiya adından "istədiyin torpağı sənə verəcəyik, amma bir rus əsgərinə belə çəp baxa bilməzsiniz" xəbərdarlığının olunduğunu deməsi isə imperiya mərəzindən qurtula bilməyənlərin 44 günlük savaş zamanı hiss etdikləri acizlikdən doğan sarsaqlıqdır.

Birincisi, Azərbaycanın azad etmək istədiyi və etdiyi öz torpaqlardır, Rusiyanın deyil ki, ondan izn alsın. İkinsisi, soruşmaq ayıb olmasın, o torpaqlar əvvəllər niyə verilmirdi görəsən? Rus əsgərinə çəp baxmağa gəldikdə bu, ilk növbədə o əsgərin özünü necə aparacağından asılıdır. Öhdəsinə götürdüyü sülh yaratmaq missiyasını yerinə yetirəcəksə, ona ancaq təşəkkür ediləcək, yetirməsə, "xoş getdin" deyiləcək, getməsə, beynəlxalq normalara uyğun davranılacaq.

Yuristoviç bilməmiş deyil, məsələn, beynəlxalq normalar Ermənistana Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün peşkəş olunmuş 3 milyard dollarlıq hərbi texnikanın, o sıradan da tərifli S-300 zenit raket kompleksinin sıradan çıxarılmasını tələb edirdi ki, o da baş verdi. İkinci Qarabağ savaşında onlardan da düz yeddisi göyə sovruldu.
Jirinovskinin Baydenin Azərbaycanda cevriliş edə biləcəyi haqda hədəsi isə istər-istəməz ABŞ Prezidentinin bir neçə ay bundan öncə böyük dövlətlərdən birinin başçısına yönəlik dediyi sözləri yada salır. Amma Bayden, yaxud da ABŞ rəsmlərindən hər hansı birinin Azərbaycan Prezidenti haqqında bənzər ifadə işlətdiyini kimsə eşidibmi?
Və bir də Azərbaycanda çox çevrilişlər planlaşdırılıb, həm də təkcə qərbdə deyil, nəticəsinin necə olduğunu isə hər kəs bilir. Jirinovski bilmirsə, Rüstəm İbrahimbəyov Moskvadadır, ondan soruşsun, deyər.
Amma ədalət naminə etiraf edək ki, siyasətçi təlxəyin, daha dəqiqi təlxək siyasətçinin Paşinyanla bağlı söylədikləri doğrudur. Bəli, Rusiya istəmsəydiyi, o, hakimiyyətdə qala bilməyəcəkdi. Amma onda ikinci Qarabağ savaşında gözləntilərinin doğrulmamasından dolayı haylar arasında Rusiyaya qarşı baş qaldıran narazılıqlar hara yönəldiləcəkdi, 44 günlük savaşın günah keçisi Jirinovskimi olacaqdı, geosiyasi məğlubiyyət kimin adına yazılacaqdı?
Sonda onu deyim ki, imici bəlli olduğundan vaxt sərf edib Jirinovskiyə cavab yazmaya da bilərdim. Ancaq Rusiyada aforizmlər ustası kimi tanınan Yevgeni Xankinin belə bir fikri var və mən də onu bölüşürəm ki, hər bir təlxək siyasətçi mütləq qapaq altında olur, yəni harasa bağlıdır.

Jirinovskinin bağlı olduğu çevrələr anlamalıdırlar ki, Azərbaycanla sayğısızcasına, hədə dilində danışmaqla regiondakı mövqelərinə zərbə vurmaqdan başqa heç nə əldə edəsi deyillər. "Əsrin müqaviləsi" imzalananda da, Bakı- Ceyhan marşrutu seçiləndə də, Cənub qaz dəhlizi layihəsi ortaya çıxanda da, digər qlobal təşəbbüslər irəli sürüləndə də biz çox hədələr eşitdik və Azərbaycana qarşı çox oyunlar oynanıldı. Nə oldu Paşinyan, pardon Jirinovski?

Sahib Alıyev,

Millət vəkili