• Tribuna
  • 27 Noyabr 2023 17:56
  •  14 961

ABŞ-dan Bakıya göndərilən “desantlar”: xüsusi təlim keçən azərbaycanlılar kimlərdir?

Qərblə informasiya müharibəsi şiddətlə davam edir. Maraqlıdır ki, Azərbaycan suverenliyini tam bərpa etdikdən sonra ABŞ, eləcə də Avropa institutları üzərimizə hücumu artırıb.

Cənubi Qafqaz son 200 ildə ən sabit, təhlükəsiz dövrünü yaşayır. Ermənistanla sülh müqaviləsi imzalamaq istiqamətində danışıqlar intensivləşir. Rəsmi Bakı hətta İranın barışıq əlini havada qoymur – onu sıxır və yeni layihələr istiqamətində razılaşmalara start verilir.

Prezident İlham Əliyev bütün intriqa ocaqlarını söndürmək istəyərkən Amerika Birləşmiş Ştatları Azərbaycana qarşı siyasi-diplomatik hücuma keçib.

Noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmələrin keçirilməsi iki ölkə arasında münasibətlərin gərginləşməsində əsas dönüş nöqtəsi oldu.

Hazırda rəsmi Bakı həm Birləşmiş Ştatlardan gələn qərəzli hücumdan müdafiə olunur, həm də həssas nöqtələr tapıb, hərəkətə keçir.

İki gün öncə mediada məlumat yayıldı ki, ABŞ-ın Azərbaycandakı səfirliyi Amerikada təhsil almış bir qrup azərbaycanlı məzunla görüş keçirəcək. Görüş noyabrın 27-də Bakıda məşhur “JW Marriott Absheron” hotelində baş tutacaqdı. Məlumatda bildirilirdi ki, tədbirin adı sözdə “məzunlarla görüşdür”. Əslində bu, Birləşmiş Ştatların Azərbaycanda fəaliyyət göstərən agentura şəbəkəsinin bir araya gəlməsidir.

Sonradan sözügedən görüşün təxirə salındığı məlum oldu. Bu xəbər ictimai-siyasi mühitdə ciddi təlatüm yaradıb. Hazırda mövzu ətrafında qızğın müzakirələr gedir.

ABŞ-ın əksər ölkələrdə təsir agentlərinin olduğu məlumdur. Bu şəbəkə mediada, siyasətdə, qeyri-hökumət təşkilatlarında önəmli mövqe tutur. Xaricdə təhsil alan tələbələr arasında agentlərin olması da istisna deyil. İran xüsusi xidmətləri orada təhsil alan azərbaycanlı gəncləri necə öz tərəfinə çəkirsə, eyni metodu digər ölkələrin də sınaqdan keçirdiyinə şübhə etmirik – o cümlədən Birləşmiş Ştatların.

ABŞ dünyada bütün proseslərə nəzarət etmək, o prosesləri yönəltmək istəyən, əksər vaxtlar buna nail olan supergücdür. Hazırda Cənubi Qafqazda gedən proseslərdən kənardan qalmaq təhlükəsi onun yuxusuna haram qatıb. Azərbaycanın Güney Qafqazla Mərkəzi Asiyanı, hətta Cənub Şərqi Asiyanı birləşdirən açar ölkə statusu qazanması ABŞ üçün qəbuledilməzdir. Bu qəbuledilməzliyin bünövrəsində Bakının sözügedən nəhəng prosesi regionun aparıcı dövlətləri ilə icra etməsi dayanır. Azərbaycanın İranla, Rusiya ilə bu qədər yaxınlaşması və Türkiyə ilə strateji müttəfiqliyinin ildən-ilə dərinləşməsi Vaşinqtonda suallar, narahatlıqlar yaradır.

Ağ Ev ən müxtəlif vasitələrlə sürəci əngəlləmək yolunu tutub. Bu səbəbdən də təsir agentlərini fəallaşdırır. Danışan dillərini, yazan əllərini tam gücü ilə işə salır. Fikri verin, Qərbdən leqal və qeyri-leqal yollarla maliyyələşən media əsasən silahlı qüvvələri, Böyük Qayıdış proqramını, eləcə də dövlətin ən vacib strukturlarını, onlara rəhbərlik edən məmurları hədəfə çıxarır. Sosial məsələlərlə bağlı reportajlarda isə cəmiyyətin etiraz potensialını hərəkətə gətirmək məqsədi güdülür.

Məsələyə kompleks yanaşmaq lazımdır. ABŞ gəncləri öz tərəfinə çəkib, “verbovka” etməklə kifayətlənəcək qədər bəsit dövlət deyil. Siyasətdə, mediada, QHT sektorunda ABŞ-ın nəzarətində olan xeyli adam var. Əksəriyyətini şəxsən tanıyırıq. Fəqət bilmədiyimiz, tanımadığımız adamlar, eşitmədiyimiz adlar da var.

ABŞ-ın ölkəmizdəki gizli agentura seti daha təhlükəlidir. Bu adamlar ən müxtəlif şəkildə, fərqli ölkələrdə yetişdirilir. Bu və ya digər adlar altında xüsusi təlimlər keçirlər. Vəziyyəti qəlizləşdirən məqam nədir, bilirsiniz? Dövlətin aidiyyəti qurumları gizli agentləri aşkarlamaqda çətinlik çəkirlər. Buna bəzən bir neçə il lazım olur.

Təxminən 4 il öncə olduqca dar çevrələrdə belə bir xəbər yayıldı ki, ABŞ-ın müvafiq strukturları minlərlə azərbaycanlıya xüsusi təlimlər keçib. Təlimlərin əsasını ekstremal vəziyyətlərdə kütlələrin sosial şəbəkələr üzərindən idarə edilməsi, ictimai rəyin manipulyasiya olunması təşkil edir. Bu metoddan Qərb “Ərəb baharı” zamanı geniş istifadə etdi. Nəticələr göz önündədir. İnqilab olan ərəb ölkələrinin hazırkı durumuna baxın. Və bir də o ölkələrin vətəndaşlarının taleyinə diqqət edin.

Şərqi Avropa ölkələrində, ABŞ-ın müxtəlif şəhərlərində keçirilən bu təlimlərə qatılanlar arasında tanınmış aktivistlərin olduğunu bilirik. Onların bir neçə aylıq kursları başa vurduqdan sonra Azərbaycana döndükləri məlumdur. Dönmələri lazımdır. Onlar Qərbdəki dairələrə burada lazımdırlar. ABŞ-da bu qədər qalmalarının səbəbləri haqda suallara cavabları standartdır: “Dövlət Departamentinin təşkilatçılığı ilə dinləmələrdə iştirak etdik”. “İnsan haqları üzrə təlimlərə qatıldıq”. “Seçkilərin monitorinqinin aparılması ixtisası üzrə kurs keçdik” və sair.

Narahatedici məqam budur ki, təlimlərdə iştirak etmiş digər şəxsləri təsbit etmək xeyli çətinlik yaradıb. Müxalifətçiləri, aktivistləri aşkar etmək asandır. Zatən dövlətin müvafiq qurumları onların xariclə təmaslarını diqqətdə saxlayır. Amma minlərlə “təlimçi”ni adbaad müəyyənləşdirmək zaman alan məsələdir.

Bu adamların əksəriyyətinin təlimlərdə iştirak etdikdən sonra seçki komissiyalarında müxtəlif adlarla yerləşdirilməsi informasiyası da var. Bu da xüsusi narahatlıq yaradan amildir.

Dünən agent mövzusunun mediada yayılmasından sonra sosial şəbəkələrdə buna ağız büzənlər, hətta lağa qoyanlar oldu. Bəli, ola bilsin, bu informasiyaların hazırlanmasında və cəmiyyətə təqdimatında tələskənliyə, xətalara yol verilib. Daha mükəmməl variant üzərində işləmək olardı. Lakin mümkündür ki, dövlət bu informasiyanı məqsədli şəkildə belə bəsit formada yayıb. Bəzən xüsusi xidmət və hüquq mühafizə orqanları əllərindəki informasiyaları bilərəkdən bəzi təhriflərlə, qüsurlarla, primitiv tezislərlə ictimailəşdirirlər. Bu, agentura şəbəkəsində və onları idarə edən xarici qüvvələrdə çaşqınlıq, yaxud arxayınlıq yaradır. Nəticədə, dövlət istədiyinə nail olur.

İnanırıq, ABŞ-ın illərdir ölkəmizə qarşı apardığı kəşfiyyat, agentura müharibəsindən qalib çıxa biləcəyik. Bu, indiki məqamda çox vacibdir.

Nəhayət, xüsusi təlimçilərin xaricdə ermənilərlə yaxınlaşdırılması, onlarla dostlaşdırılması, aralarında kommunikasiya yaradılması barədə məlumatlar var. İndiyə kimi, Britaniya, Avropa, ABŞ fondlarında azərbaycanlılarla ermənilərin eyni layihələrdə çalışmaları təcrübəsi var. 2014-15-ci illərdə ermənilərlə eyni “araşdırmalarda” imzadaşlıq edən azərbaycanlı müxalif yazarlar barədə ifşaedici məlumatlar yayılmışdı. İfşa olunanlar bunu demokratiya, azad söz, Qərbə inteqrasiya, xalq diplomatiyası və s. termin və ifadələrlə malalamağa çalışdılar.

Jurnalist, siyasətçi, QHT-çi adları ilə kamuflyaj olunan agentlərə qarşı dövlətin mübarizə aparması nisbətən asandır. Buqələmunları müəyyən etmək isə çox çətindir.

Azər Ayxan