Milli Şuranının dirçəlmək arzusu iflasa uğradı Milli Şuranının dirçəlmək arzusu iflasa uğradı
  • Yazarlar
  • 19 Noyabr 2018 14:29
  •  15 108

Cəmil Həsənlinin ürək və böyrək məsələsi - Əli Kərimlinin saxlanılmasına sözardı

Milli Şuranının dirçəlmək arzusu iflasa uğradı

Artıq məlumunuz, şənbə günü AXCP sədri Əli Kərimlini və onun Milli Şuranın sədri kimi təqdim etdiyi Cəmil Həsənlini polis saxlayıb.

Görüntülərdən açıq-aşkar o bəlli olur ki, bir dəstə Şəhidlər Xiyabına tərəf yürüyür, polis qarşılarını kəsir, bu arada polisə “bizim tərəfimizə keçin” kimi sentimental mesajlar verilir, axırda da Əli Kərimlini tutub basırlar avtobusa.

Çəkiliş avtobusun içində də davam edir.

O kadrları izləyəndə isə bəlli olur ki, polis Cəmil Həsənlini saxlayanda halı pisləşib, başqa sözlə və kütləvi informasiya vasitələrində yayılan məlumata görə, ürəyi gedib, onu şöbəyə ayrı nəqliyyat vasitəsi ilə aparıblar.

Əgər xatırlayırsınızsa, 2013-cü ildə Cəmil Həsənli Rüstəm İbrahimbəyov avantürası iflasa uğradıqdan sonra prezidentliyə namizəd olmuşdu.

Bilirəm, bunu təsəvvür etmək belə çətindir, amma bir anlıq gözlərinizin önündə Cəmil Həsənlini dövlət rəhbəri, Ali Baş Komandan kimi canlandırın.

Hesab edin ki, cəbhədə vəziyyət gərginləşib, Ali Baş Komandan olaraq Cəmil Həsənli də döyüş əməliyyatlarını birbaşa ön xəttdən idarə etmək üçün Qarabağa yollanıb.

Bir döyüş şəraitini bütün gərginliyi, dəhşəti ilə təsəvvür etməyə çalışaq.

Avtomatlar, pulemyotlar şaqqıldayır, tanklar, toplar mərmi yağdırır, raketlər hədəfləri yerlə yeksan edir...

Beş-on nəfər Azərbaycan polisinin nəzakətli davranışı qarşısında- özü də bunu dünən keçirdiyi mətbuat konfransında etiraf etdi- ürəyi gedən birinin sizcə o ağır şəraitdə böyrəkləri sözünə baxardımı?

Kim bilir, bəlkə ürəyi kimi, elə böyrəkləri də şənbə günü Cəmil Həsənlinin, yumşaq desək, sözünə baxmayıb!..

Hə, bir də Nurəddin Məmmədli çıxıb nə desə yaxşıdır?

“İqtidar təşviş içərisindədir” - desə, necədir?

Nəyə deyirsiniz and içərəm, bir iqtidarın təşviş içində olduğunu məhz Nurəddin Məmmədli sayaq tiplər söylədiyi müddətcə o iqtidar əsla təşvişə düşməz, qorxu hissini haşa yaxına buraxmaz!!!

Sözümü qaytarıram Cəmil Həsənlinin və Nurəddin Məmmədlinin lideri Əli Kərimliyə.

Şənbə günü saat 12 radələrində bir toplantı keçiriblər.

Əməkdaşımız da iştirak etdiyindən lap dəqiq bilirəm, həmin toplantıda İsa Qəmbər, Arif Hacılı, Sabir Rüstəmxanlı və digər müxaliflər iştirak edib.

İndi məlum olur ki, həmin toplantı ərəfəsində iştirakçılara xəbər göndərilib və iclasdan sonra Şəhidlər Xiyabanına yürüş edilməməsi barədə ismarıc yollanıb.

Dəqiq deyə bilmərəm, bu ismarıca görəmi, yoxsa başqa bir səbəbdən İsa Qəmbər, Arif Hacılı, Sabir Rüstəmxanlı, Nemət Pənahlı və digər toplantı iştirakçıları yürüşə qatılmayıb. Adları çəkilənlər hər halda saxlanıldığı məqamda Əli Kərimlinin yanında yox idilər.

Əgər söhbət Milli Dirçəliş Gününün tarixçəsindən gedirsə, birmənalı şəkildə demək olar ki, Əli Kərimlinin o gün qarşısında mənəvi haqqı, məsələn elə Nemət Pənahlıdan dönə-dönə azdır.

Pəki, Əli Kərimli öz yürüş israrı ilə nəyi nümayiş etdirmək istəyirdi?

Nədən “Milli Dirçəliş Günü”, “Şəhidlər xiyabanı” kimi hər bir vətəndaş üçün həssas mövzuları qabardıb da duyğu sümürməyə girişmişdi?

Polis “etməyin” deyə xəbər göndərib, yolda qarşısını kəsib, amma o, irəli cumur, özünü kameraların yaddaşına cəngavər kimi salmaq istəyir...

Belədə tutarlar adamın qulağından atarlar içəri, deyərlər, haydı bu kamerada göstər cəngavərliyini...

Əli Kərimlinin o kamerada özünü necə aparacağı isə elə avtobusdakı pərt və üzünə tuşlanmış cihazın gözünə baxmağa belə cürət eləmədiyi oturuşundan bəlli idi...

Bəli, bir ölkədə, bir cəmiyyətdə ən böyük avtoritet dövlətə məxsusdur.

Dövlətin avtoritetini, xarizmasını çizməyə qalxarsan dövlət öz dəyənəyini işə salar, öz cəza mexanizmlərini hərəkətə gətirər.

Bir dövlət üçün fərqi yoxdur, ona qarşı baş qaldıran siyasətçidir, partiya sədridir, avantüristdir, tüfeylidir, casusdur və ya hər kimdir...

Dövlətin instinktləri hər zaman ayıq olmalıdır, gərəkən anda kimsənin gözünün yaşına, hüy-küyünə baxmamalıdır...

Əli Kərimli bu dəfə 2500 manat cərimə ilə qurtardı, amma...

Əli Kərimlinin siyasi bioqrafiyasına daha bir “amma” əlavə olundu...

Taleh Şahsuvarlı,

AzNews.az xəbər portalının Baş redaktoru