Fransanın Ermənistan sevgisi

Bir müddət öncə Fransa-Ermənistan dostluq qrupunun rəhbəri Ermənistanın silahlandırılmasının vacibliyindən söz açmışdı. Mayda isə Fransa Ermənistandakı səfirliyinə yeni hərbi attaşe təyin etdi. Fransa hərbi attaşesi Fransanın müasir silahlarının Ermənistana tədarükünə nəzarət edəcək. Hazırda Fransalı hərbi təlimatçılar Ermənistan hərbçilərinə hücum və kəşfiyyat məqsədli dronlardan istifadə etməyi öyrədir. Mövcud məlumatlara əsasən, hərbi attaşe təyin edildikdən sonra Fransa Ermənistana 50 ədəd ZTR, perspektivdə isə zenit raket kompleksi göndərə bilər.
Fransa Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqları qəbul etmək istəmir. Bəlkə də buna görə Fransanın Ermənistana silah təchizatını həyata keçirməsi üçün uzun müddətdir ki, müzakirələr aparılır. Eyni zamanda, ATƏT-in Minsk qrupu formatının iflasa uğramasından sonra Fransa hər bir vəchlə Ermənistana yardım etmək istəyini gizlətmir. Digər tərəfdən isə Makron əhali arasında düşük reputasiyasını qaldırmağa çalışır, sayı 600 mindən çox olan, siyasi cəhətdən aktiv və kompakt erməni diasporunun dəstəyini qazanmaq istəyir. Görünür ki, BMT TŞ-da anti-Azərbaycan qətnamələrinin qəbul olunmaması, ardınca Aİ-nın əli ilə Azərbaycana qarşı sanksiyaların qəbul edilməsində uğursuzluq Makronu bu addımları atmağa vadare edir.
Məsələdə digər faktorlar da var. Başlıcası Rusiya amilidir. Makron Fransanın Afrika qitəsində getdikcə sarsılan imicinə görə Rusiya və Çini ittiham edir. Fransa, Moskvanı Parisə qarşı olmaqda və “Vaqner” muzdluları vasitəsilə regionda, xüsusən Malidə manipulyasiya aparmaqda ittiham edir. Paris, Mali, Burkina-Faso və Niger kimi keçmiş Afrika koloniyalarında fransızların mövcudluğundan yaranan narahatlığı Rusiyanın artan təsiri ilə əlaqələndirir. Görünən odur ki, Fransa bunun əvəzini Ermənistanda möhkəmlənməklə və Rusiyanı burdan sıxışdırmaqla çıxmaq istəyir. Bu məqsədlə Fransa Rusiyanın Ermənistandakı silah satışı monopoliyasını dağıtmaq istəyir.
Ermənistanın gücləndirilməsinin arxasında Türkiyə faktoru da dayanır. Onun dənizlərdə hegemoniya qurmaq istəyi və bu marağının İngiltərə, ABŞ-ın yanı sıra, həm də Türkiyə ilə toqquşmasıdır. Fransa uzun illərdən bəri türk düşməni rolunu oynamağa davam edir. Şarl De Qol o zamanlar, İngiltərə və ABŞ-ın Transatlantik Birliyinə qarşı ərəb ölkələri ilə münasibətləri bir tarazlığa gətirməyə çalışırdı. Makronun siyasətində isə tam tərsinə, ABŞ-İsrail birliyində Türkiyəyə qarşı Əərəb rejimlərini təşkilatlandırmağa çalışdığını görürük.
Moskva-İrəvan ziddiyətləri fonunda Fransanın erməni cəmiyyətində və siyasi elitasında mövqeləri güclənməyə doğru gedir. Lakin son sosial sorğulara əsasən, erməni cəmiyyəti birinci yerdə İranı (54%) və yalnız ondan sonra Fransanı (52%) əsas təhlükəsizlik tərəfdaşı qismində nəzərdən keçirdir. Görünən odur ki, Paris Rusiyanın mövqelərini sarsıtmaqla yanaşı Tehranı da birincilikdən devirməyi hədəfləyir. Buna nail olmaq üçün Paris Tehranın etmədiyini – Ermənistana gizli yox, rəsmi formada silah satışını həyata keçirtməyi planlaşdırır.
Uğurlu Fransa-Ermənistan hərbi əməkdaşlığına iki mühüm amil mane olur. Əvvəla, Rusiya bir tərəfdən özü Ermənistana silah ötürmür, digər tərəfdən də axırıncının İran və Hindistandan əldə edildiyi silahları Ermənistan ərazisinə buraxmır. Rusiyaya düşmən olmayan İran və Hindistan kimi ölkələrdən alınan silahlar Rusiyaya görə Ermənistana daxil ola bilmirsə Fransa silahları da ehtimal ki, Moskvanın kəskin müqaviməti ilə qarşılaşacaqdır.
İkinci tərəfdən, Qərb Ukraynaya “Challanger” və “Leopard” tipli tanklar versə də Abrams tipli tanklar yalnız sentyabrda veriləcəkdir. Səbəb isə odur ki, Abrams tanklarındakı mütərəqqi hərbi texnologiyanın Rusiyanın əlinə keçməsinin qarşısı alınır. Bu məqsədlə ABŞ sentyabra qədər bu tankları əvvəlki modernizasiya səviyyəsinə endirməyi planlaşdırır. Rusiyanın Ermənistandakı kəşfiyyat imkanlarını nəzərə alsaq, Fransanın Ermənistana hər hansı yüksək-texnoloji hərbi texnika ötürməyəcəyini ehtimal etmək olar. Beləki, bu ən azından ABŞ, NATO ölkələri və İsrail (texnikanın İranın əlinə düşməməsi üçün) kimi ölkələrin kəskin müqaviməti ilə qarşılaşacaqdır.
Bu o deməkdir ki, Aİ-nin aparıcı ölkələrindən biri regiona silahların verilməsindən imtina etmək kimi ənənəvi ümumavropa siyasətini kobud şəkildə pozur, bununla da regionda hərbi balansa Ermənistanın xeyrinə təsir göstərməyə çalışır. Lakin hazırda Bakı 1992-ci il qətnaməsinin Fransa tərəfindən pozulmasını əlində rəhbər tutub, Böyük Britaniya və strateji tərəfdaş olduğu Avropa İttifaqının 9 ölkəsindən silah əldə etmək imkanı qazanmış olur. Beləliklə, Ermənistana silah satmaqla regional qüvvələr balansının Ermənistanın xeyrinə dəyişmək istəyən Fransa yekunda təmamilə əks nəticə əldə etmiş olacaqdır.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi