19:21
(077) 610-22-33

“Rüstəm İbrahimbəyov elə tələsir ki...” – Müsahibə

  • >
353 6 May 2013 14:01 | Siyasət

RAUF ARİFOĞLU: “MÜXALİFƏTİ BIR ARAYA GƏTİRMƏK TƏŞƏBBÜSÜ ALINMAYACAQ”



"Eynulla Fətullayevlə görüşdük və iki saata yaxın söhbətimiz oldu"


AZNEWS.AZ-ın müsahibi "Yeni Müsavat" qəzetinin baş redaktoru, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Rauf Arifoğludur.

- Rauf bəy, həm Rüstəm İbrahimbəyovun, həm də Eldar Namazovun son müsahibələrinə nəzər saldıqda, belə görünür ki, ayın sonuna qədər Milli Şuranın yaradılması prosesi yekunlaşacaq. Ən azından, hər iki şəxs bu iddiadadırlar. Siz necə düşünürsünüz, Milli Şura bu ay ərzində təsis ediləcək, yoxsa proses bir az da uzanacaq?
- Milli Şuranın belə qısa müddətdə və sürətlə yaradılması təklifi və təşəbbüsü Rüstəm İbrahimbəyova məxsusdur. Hətta bəzən o qədər tələsir ki, müsahibəsində liderlərə, yəni danışığı aparan 3 nəfərə bir neçə gün vaxt verdiyini, əks təqdirdə bu məsələni özünün həll edəcəyini deyir. Görünür, bu məsələ onun üçün çox önəmlidir. Azərbaycan müxalifəti üçün də bütün qüvvələrin bir araya gələrək, təmərküzləşməsi seçki ili baxımından önəmlidir. Lakin bunun hansı formatda baş tutacağını bəri başdan söyləmək olduqca çətindir. Baxmayaraq ki, bu, indiyə qədər müəyyən olunmalı idi. Bilirsiniz ki, hazırda müxalifətin müəyyən kəsimini özündə birləşdirən İctimai Palata var. Lakin görünür, İctimai Palata formatının effektivliyi siyasi liderləri qane etmir, ona görə də başqa formatlar axtarırlar. Onu bilirəm ki, hazırda Milli Şuranın yaranması istiqamətində ciddi danışıqlar gedir. Ancaq bu format bu ay elan olunacaqmı, mən bunu proqnozlaşdırmaqda çətinlik çəkirəm.

- Milli Şuranın bu qədər tələskənliklə yaradılması yeni qurumun ala-yarımçıq olduğu görüntüsü yaratmayacaq ki? Sizcə, bu tezliklə Milli Şuranı təsis etməkdənsə, kifayət qədər təşkilatlanmış İctimai Palata ətrafında təmərküzləşmək daha yaxşı olmazdımı?
- Bu sual Milli Şura ilə bağlı danışıqları aparan liderlərə yönəlməlidir. Amma mənim fikrim ondan ibarətdir ki, indiki məqamda müxalifətin bütün qüvvələrini bir araya gətirmək istiqamətində təşəbbüs alınmayacaq. Bu, mənim şəxsi fikrimdir. Ancaq ola bilər bu məsələ ilə bağlı fərqli fikirdə olanlar da olsun. Baxmayaraq ki, bu məsələ hazırda milli və sosial sifarişdir, amma müxalifət düşərgəsinin içinə bələd olan adam kimi deyirəm ki, bu, böyük sual altındadır. Ola bilər ki, Milli Şura adı altında bir şey təsis olunsun, lakin o, gözlənilən format olmayacaq.

- Sizin "bütün müxalifət" deyərkən nəzərdə tutduğunuz qüvvələr Müsavat, AXCP, "EL" və İbrahimbəyovun dediyi ziyalıları özündə ehtiva edən birlikdir?
- Yox, mən daha geniş spektri əhatə edən birliyi nəzərdə tuturam. Bütün müxalifət deyəndə, bu ölkədə hakimiyyətin seçki yolu ilə dəyişməsində maraqlı olan bütün qüvvələri, o cümlədən, parlamentdə təmsil olunan Ümid Partiyası və digər bir sıra qüvvələri nəzərdə tuturam.

- Rüstəm İbrahimbəyov müsahibəsində deyir ki, o, Milli Şuranın sədri olmaq məsuliyyətini üzərinə götürməyə hazırdır. Sizcə, İbrahimbəyovun Milli Şuraya sədr olması, yekunda onun müxalifətin vahid namizədi olmaq iddiasına düşəcəyi ehtimalını gücləndirmir ki?
- Rüstəm İbrahimbəyov Azərbaycan qanunvericiliyinə görə, Azərbaycan Respublikası Prezidentliyinə namizəd ola bilməz. Bu baxımdan onun belə bir iddiada olduğunu düşünmürəm. Çünki Azərbaycan vətəndaşı deyil, Rusiya vətəndaşıdır və Azərbaycan qanunlarına görə, belə bir şəxsin prezident seçkilərində iştirak etməsi qeyri-mümkündür. Hətta ikili vətəndaş olsa belə, qeyri-mümkündür. Yəni, bu variant istisna olunur. Ancaq onun Milli Şuranın sədri olmasını münasib bilirəm, bu şərtlə ki, bütün müxalifət düşərgəsini bir araya toplamağı bacarsın.

- Sizcə, Milli Şuranın tezliklə təsis edilməsi ilə bağlı Rüstəm İbrahimbəyova hər hansı üçüncü qüvvənin təsiri varmı?
- Mən bu barədə danışa bilmərəm, çünki informasiyam yoxdur. Belə bir proses əgər varsa belə, gizli prosesdir, onun haqqında hər kəsin məlumatlı olması mümkünsüzdür. Rüstəm İbrahimbəyov Azərbaycanın yetirdiyi görkəmli ziyalılardan biridir, Milli Şura ideyası onun özünün düşüncəsi də ola bilər. Kənar qüvvə deyəndə siz Rusiyanı nəzərdə tutursunuzsa, burada təbii ki, Rusiyada müəyyən siyasi dairələrin də maraqlarının olması mümkündür. Ancaq hansısa qüvvənin Rüstəm İbrahimbəyova təsir etdiyini demək üçün məxfi bilgilərə sahib olmaq lazımdır ki, bu da məndə yoxdur.

- Müxalifət düşərgəsinin seçkini boykot eləmək ehtimalını necə qiymətləndirirsiniz? Və əgər boykot olsa, bu, seçkiyə, onun legitimliyinə hansı təsiri göstərə bilər?
- Mən həm vətəndaş, həm də bir qəzet sahibi və baş redaktoru kimi boykot variantını sevmirəm. Müxalifət düşərgəsində olan əsas simaların seçkidə iştirak etməməyini normal qəbul etmirəm, məsləhət də görmürəm, bunu arzulamıram da. Çünki müxalifətin əsas kəsimi seçkiyə getməsə belə, seçkidə iştirak edənlər olacaq və hakimiyyətin namizədi parlaq qələbə qazanaraq, legitimliyini də təmin edəcək.

- Müstəqillik dövründə baş tutan bütün seçkilərdə yaxından iştirak etmiş şəxssiniz. Sizcə, cəmiyyətin və siyasətin indiki vəziyyəti seçki ilinə adekvatdır, yoxsa əvvəlki seçkilərə nisbətən sönüklükdür?
- Seçki ilində adekvat olan yeganə məsələ odur ki, hakimiyyətin çox ciddi təzyiqi var. Bu da onu göstərir ki, hakimiyyət bu seçkidən narahatdır. Ancaq müxalifət düşərgəsində və xalqda seçki ilində lazım olan reaksiya sezilmir. Bunun təbii səbəbləri də var, ancaq istənilən halda təəssüf doğurur. Ölkədə insanlar düşünür ki, seçkidə nəyisə dəyişmək qeyri-mümkündür. Müxalifətin zəifliyinin əsas səbəbi də odur ki, ölkədə demokratik mühit yoxdur. Əgər ölkədə demokratik durum yoxdursa, əlbəttə, orda müxalifətin və demokratik təsisatların durumu da ağır olacaq. Ancaq hazırda təkcə müxalifətin yox, ölkədəki bütün demokratik təsisatların, qurumların və ya fərdlərin vəziyyəti ağırdır. Lakin müxalifət liderlərinin vəzifəsi ondan ibarətdir ki, ölkədə vəziyyət nə qədər ağır olsa da, müəyyən impulsverici addımlar ataraq, vəziyyəti dəyişsinlər. Hazırda da bu təşəbbüsləri gözləyirəm.

- Müxalifətin İctimai Palata çərçivəsində mitinqlər keçirməsi gözlənilir, yoxsa yeni mitinqlər üçün Milli Şuranın təsis edilməsi gözləniləcək?
- Mən təxminən bir aydan çoxdur ki, İctimai Palatanın Koordinasiya Şurasının iclaslarında iştirak edə bilmirəm, ona görə də bu məsələlərdən xəbərsizəm. Ancaq hər bir halda siyasi həyatı canlandıran addımlar atılmalıdır. Bu, mitinqlər də ola bilər, başqa formada da ola bilər. Əks halda müxalifətin mandatı düzgün istifadə olunmayacaq. Bunun müxtəlif yolları var və biri də mitinqlərin keçirilməsidir.

- Ötən günlərdə Eynulla Fətullayevlə sizin qəzetiniz arasında bir polemika yaşandı. Eynulla Fətullayev sizi müəyyən məsələlərdə ittiham etdi. "Yeni Müsavat" qəzetini daxili işlər naziri Ramil Usubovun qəzeti olmaqda ittiham etdi. Siz həmin ərəfədə susqunluq nümayiş etdirdiniz. Bu məsələlərə münasibət bildirmək istəyirsiniz?
- Eynulla Fətullayev həmin məsələdə nə mənim adımı çəkdi, nə də "Yeni Müsavat" qəzetinin. Ümumi şəkildə atmacalar atdı. Ondan sonra onunla görüşdük, 2 saatdan çox çəkən söhbətimiz oldu. Mənə elə gəldi ki, biz bir-birimizi anladıq, başa düşdük. Amma onun bir sıra ittihamlarına Minval.az saytı cavab verdi. Hazırda mən özümü gərgin hesab eləmirəm və hesab edirəm ki, Eynulla Fətullayev də eyni fikirdədir.

- Eynulla Fətullayevin təsis edəcəyi yeni qəzetə gedəcəkləri ilə bağlı adı çəkilən jurnalistlər arasında sizin qəzetin də bir neçə əməkdaşı var. Sizdə belə bir narahatlıq yoxdur ki, Fətullayevin yeni qəzeti sizin komandanı parçalayacaq və ya zəiflədəcək?
- Eynulla Fətullayevə, həmçinin yeni media açmaq niyyətində olan hər kəsə uğurlar arzulayıram. Əgər arzu eləsələr, gərəkən dəstəyi də verəcəyik. "Yeni Müsavat" qəzetindən bir neçə adamın Eynulla Fətullayevin qəzetinə gedəcəyi ilə bağlı məlumat səhih deyil. Ancaq getsələr belə, mən bu məsələ ilə bağlı xüsusi narahatlıq keçirməyəcəm. Çünki Eynulla bəyin komandasının 60-70 faizi bizdədir hazırda. Onlar Eynulla Fətullayevin həbsinin ardından buraya gəliblər və bir əmanət komandadır, istədikləri vaxt gedə bilərlər, hətta bizim razılaşmamız da bu şəkildə olmuşdu ki, mən Eynulla Fətullayev həbsdən çıxana qədər sizi işlə təmin edəcəm. Artıq seçim onlarındır. Bu baxımdan burdan kiminsə Eynulla Fətullayevin qəzetinə getməsi halında qəzet dağılır deyə bir anlayış yoxdur. O əməkdaşlardan da hələlik yalnız biri – Famil Cəfərli redaktorluğa razılaşıb. Mən bildiyimə görə, digər əməkdaşların hələ ki, elə bir qərarı yoxdur.

- Qəzetçiliyi ən yaxşı bilən adamlardan biri kimi, sizcə, Eynulla Fətullayevin yeni təsis edəcəyi qəzet "Gündəlik Azərbaycan" səviyyəsinə yüksələ, "Yeni Müsavat"ın, "Azadlıq"ın və ya digər müxalif yönümlü qəzetlərin oxucu auditoriyasını ələ keçirə biləcəkmi?
- Eynulla Fətullayev çox istedadlı adamdı. O, nə yaratsa və hansı istiqamətdə kurs götürsə, maraq yarada biləcək.
Mənə elə gəlir ki, bu baxımdan onun üçün heç bir problem olmayacaq.

- Oxucularınızın Eynulla Fətullayevin qəzetinə köklənəcəyindən narahat deyilsiniz ki?
- Yox, belə bir narahatçılığım yoxdur. Bildiyim qədərilə də Eynulla Fətullayev hələ ki, virtual media ilə maraqlanır. Print media nümunəsi yaratsa da, əksinə bizə çox kömək olacaq, çünki print media nə qədər çox olsa və satılsa, bu sahə o qədər çox yaşayır. Hazırda print media elə bir böhran keçirir ki, bu böhrana başqa bir qəzetin bazara girməsi təsir edə bilməz. Bizim dərdimiz o qədər böyükdür ki, bazara yeni girən başqa bir media da həmin dərdləri yaşayacaq. Abunə sistemi, əl yayım sistemi bərbad vəziyyətdədir.

- Rauf bəy, Qərb və ABŞ diplomatlarının son açıqlamalarına nəzər saldıqda belə anlaşılır ki, Qərbin bu ilki seçkidə hakimiyyətdən demokratik islahatlarla bağlı gözləntiləri yüksəkdir. Ancaq sizin qəzetinizdə gedən bir neçə manşet yazısından belə başa düşülür ki, Qərb və ABŞ bu ilki seçkidə hakimiyyət namizədini dəstəkləyir və elə buna görə də seçki ilə bağlı da sərt mövqe sərgiləməyəcək...
- Qərb və ABŞ diplomatlarının son açıqlamaları gözdən pərdə asmaq üçündür. Qərb demokratik təsisatları birmənalı olaraq, Azərbaycanda növbəti dəfə demokratiyanı satıb. 2003-cü ildə də kəskin tənqidi ritorika var idi, ancaq bu, yekun nəticəyə təsir etmədi.

- Belə çıxır ki, Qərb diplomatlarının məqsədi Azərbaycanda demokratik düşərgəni aldatmaqdır?
- Yox, onların məqsədi demokratik düşərgəni qorumaq üçündür. O açıqlamalar olmasa, bizi ümumiyyətlə, məhv edərlər. Söhbət sadəcə, müxalifət kimi qorumaqdan gedir, hakimiyyətə gətirməkdən yox.

Anar
AzNews.az
Bağla X