Prezidentliyə namizəd Putinin səfərinə etiraz etdi

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri, prezidentliyə namizəd Əli Əliyev Rusiya prezidenti Vladimir Putinin Bakıya hərbi dəniz qüvvələrinin müşayiəti ilə gəlişinə dair etiraz bəyanatı verib. Bəyanatda bildirilir ki, Vladimir Putinin Azərbaycana hərbi dəniz qüvvələrinin müşayiəti ilə gəlməsini Kremlin imperiya ambisiyalarının növbəti təzahürü kimi qiymətləndirmək olar:

"Putinin rəsmi təqdimatda işgüzar xarakter daşıyan bu səfərini hərbi gəmilərlə həyata keçirməsinə fərqli izahat vermək mümkün deyil. Harada görülüb ki, bir dövlətin başçısı digər ölkəyə məhz bu şəkildə işgüzar səfər etsin? Rusiya hakimiyyətinin postsovet ölkələrinin müstəqilliyinə münasibəti və Avrasiya İttifaqı adı altında SSRİ-ni nəyin bahasına olursa-olsun bərpa edərək, Azərbaycanı da ora sürükləmək niyyəti Putinin Bakıya hərbi gəmi ilə gəlişində özünü ən açıq formada büruzə verir".

Əli Əliyev Vladimir Putinin Azərbaycana hərbi qüvvələrin müşayiəti ilə gəlməsinə, eyni zamanda, Azərbaycan hakimiyyətinin ona belə bir şərait yaratmasına qəti etirazını bildirib: "Azərbaycan hakimiyyətini ölkənin dövlət müstəqilliyi baxımından olduqca həssas sayılan belə məqamlarda diqqətli davranmağa və belə halların əsla təkrarlanmamasına çağırıram".

Elnarə
AzNews.az