Dövlət Komissiyası: Xocalıda tapılan sonuncu kütləvi məzarlıqda ekshumasiya işləri davam edir

Xocalıda tapılan sonuncu kütləvi məzarlıqda ekshumasiya işləri davam edir.

Bunu açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, axtarış-qazıntı-ekshumasiya işi mürəkkəb prosesdir.

“İlkin məlumata görə 4-5 nəfərə aid meyit qalığı var. Ekshumasiya prosesi davam edir. Tapılan meyit qalıqlarının ilkin qiymətləndirilməsi aparılır”, - Eldar Səmədov əlavə edib.

Xatırladaq ki, bir neçə gün əvvəl işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqları aşkar edilib.