Prezident İlham Əliyev Su Nianşa ilə görüşüb. Prezident İlham Əliyev Su Nianşa ilə görüşüb.
  • Paytaxt
  • 25 Aprel 2019 11:36
  •  2 619

İlham Əliyev Pekində bir sıra görüşlər keçirib - YENİLƏNİB

Prezident İlham Əliyev Su Nianşa ilə görüşüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Pekində "China Poly Group" Korporasiyasının sədri Su Nianşa ilə görüşüb.

Korporasiyanın sədri Su Nianşa Dünya İqtisadi Forumu çərçivəsində Davosda Azərbaycan Prezidenti ilə görüşünü xatırlayaraq bu görüşün onda böyük təəssürat yaratdığını bildirdi. O, rəhbərlik etdiyi şirkətin Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıq qurduğunu və ölkəmizdə fəaliyyətlərini genişləndirməkdə maraqlı olduqlarını söylədi.

Prezident İlham Əliyev Azərbaycanda sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatı, İKT, turizm və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd etdi. Son illərdə turizm sektorunda böyük inkişafın və artımın müşahidə edildiyini deyən dövlətimizin başçısı viza rejiminin sadələşdirilməsi və elektron vizanın tətbiqi sayəsində Çindən ölkəmizə turist axınının sürətləndiyini bildirdi.

Söhbət zamanı əməkdaşlığın müxtəlif sahələri ilə bağlı geniş fikir mübadiləsi aparıldı.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Pekində “China National Electric Engineering” şirkətinin prezidenti Cao Huy ilə görüşüb.

"China National Electric Engineering" şirkətinin prezidenti Cao Huy aprelin 24-də Pekində Sumqayıt Kimya Sənaye Parkında şin zavodunun tikintisi ilə əlaqədar niyyət protokolunun imzalandığını bildirdi. Bundan əvvəl də ölkəmizdə müxtəlif sahələrə dair bir neçə layihəni həyata keçirdiklərini deyən Cao Huy Azərbaycandakı investisiya mühitindən, xarici sərmayədarlar üçün yaradılan şəraitdən razı qaldıqlarını vurğuladı və buna görə dövlətimizin başçısına təşəkkür etdi.

Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafının ölkəmizdə prioritet sahə olduğunu deyərək dünən müxtəlif sahələrdə əməkdaşlığa dair 10 sənədin imzalandığını, bununla da Azərbaycanın sənaye sahəsinə çoxlu sərmayənin yatırılacağını bildirdi. Sumqayıt Kimya Sənaye Parkında xüsusi vergi rejimlərinin tətbiq edildiyini, bunun isə xarici sərmayədarlar üçün daha cəlbedici olduğunu deyən dövlətimizin başçısı "China National Electric Engineering" şirkətinin növbəti rezident kimi Kimya Sənaye Parkında öz müəssisəsini yaratmasını yüksək qiymətləndirdi, bu müəssisənin Azərbaycanın ixrac imkanlarını artıracağını bildirdi. Dövlətimizin başçısı ölkəmizdə yaxşı sərmayə imkanlarının olduğunu, Dünya Bankının "Doing Business" hesabatına görə Azərbaycanın 32 pillə irəliləyərək dünyada ən çox islahat həyata keçirən 10 ölkə sırasında olduğunu vurğuladı. Bununla da Azərbaycanın böyük tərəqqiyə nail olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə xarici sərmayələrin yüksək səviyyədə qorunduğunu, bunun xarici investorlar üçün ölkəmizin cəlbediciliyini artırdığını vurğuladı.

X X X

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində “Huawei” şirkətinin sədri Lian Xua ilə görüşüb.

“Huawei” şirkətinin sədri Lian Xua artıq 15 ildən çoxdur Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini bildirdi və onlara yaradılan şəraitə görə dövlətimizin başçısına təşəkkür etdi.

Prezident İlham Əliyev “Huawei” şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdi, bu şirkətin informasiya-kommunikasiya texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən biri olduğunu qeyd etdi. Həmçinin 2015-ci ildə Çinə dövlət səfəri zamanı “Huawei” şirkətinin fəaliyyəti ilə yaxından tanış olduğunu bildirdi. Azərbaycan ilə “Huawei” arasında əməkdaşlıq baxımından böyük perspektivlərin olduğunu deyən dövlətimizin başçısı bu şirkətin “Bakutel” sərgisində ənənəvi iştirakından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev İKT sahəsində ölkəmizdə həyata keçirilən islahatlardan danışdı, bu sahədə “Huawei” ilə əməkdaşlığın perspektivli olduğunu bildirdi.

Söhbət zamanı İKT infrastrukturu, ağıllı kənd təsərrüfatı, ağıllı şəhər və ağıllı ev, rəqəmsal iqtisadiyyat, rəqəmsal təhsil və digər sahələrdə reallaşdırıla biləcək layihələrlə bağlı fikir mübadiləsi aparıldı.

X X X

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, Çin Xalq Siyasi Məşvərət Şurasının sədri Van Yanla görüşüb.

Van Yan Azərbaycan Prezidentinin Çinə səfərinin ikitərəfli əlaqələrimizə töhfə verdiyini bildirdi. “Bir kəmər, bir yol” layihəsinin hərtərəfli əməkdaşlığı ehtiva edən geniş ictimai platforma olduğunu deyən Van Yan Azərbaycanın və Çinin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyini vurğuladı. Qeyd etdi ki, ölkələrimiz birgə səylərlə siyasi, iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməlidir.

Prezident İlham Əliyev ölkələrimiz arasında bütün istiqamətlərdə əməkdaşlığın inkişafında müsbət dinamikanın olduğunu bildirdi. Azərbaycanın Çin dövləti başçısının təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsinə mühüm əhəmiyyət verdiyini, bu təşəbbüsü dəstəkləyən ilk ölkələrdən olduğunu qeyd etdi. Bildirdi ki, ölkəmizdə müasir nəqliyyat infrastrukturunun yaradılmasına xüsusi önəm verilir. Prezident İlham Əliyev ikinci “Bir kəmər, bir yol” Beynəlxalq Forumuna dəvətə görə təşəkkür etdi, bunu Azərbaycana olan hörmətin və dostluğun nümunəsi kimi qiymətləndirdi. Dövlətimizin başçısı bu səfərinin Azərbaycanla Çin arasında əməkdaşlığın inkişafına ciddi təkan verəcəyini bildirdi.

Söhbət zamanı Çin-Azərbaycan münasibətlərinin və iqtisadi sahədə əməkdaşlığın inkişafı, ticarət dövriyyəsinin artırılması, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, investisiya qoyuluşu və digər məsələlər müzakirə olundu.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində “CETC International” Korporasiyasının baş direktoru Vu Mançin ilə görüşüb.

Görüşdə Vu Mançin “CETC International” Korporasiyasının Çinin radioelektronika sahəsində ixtisaslı şirkətlərindən olduğunu deyərək, bu sahədə uzun illərdir uğurla fəaliyyət göstərdiklərini bildirdi. O, bu sahədə Azərbaycan ilə əməkdaşlıq qurduqlarını və bundan məmnun qaldıqlarını vurğuladı, əlaqələrin inkişaf etdiyini bildirdi.

Ölkələrimiz arasında dostluq əlaqələrinin mövcud olduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Çinin böyük şirkətlərinin ölkəmizdə fəal iş görmələrində maraqlıdır. Dövlətimizin başçısı artıq Çinin bir çox şirkətlərinin timsalında yaxşı tərəfdaşlığın yarandığını bildirdi və Azərbaycanda xarici şirkətlər üçün geniş fəaliyyət sahəsinin olduğunu qeyd etdi.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində "ZTE" Korporasiyasının sədri Li Zixue ilə görüşüb.

"ZTE" Korporasiyasının sədri Li Zixue onun rəhbərlik etdiyi şirkətin dünyada telekommunikasiya avadanlıqlarının ən böyük təchizatçılarından biri olduğunu bildirdi. Çində və xaricdə çoxlu tərəfdaşlarının olduğunu deyən Li Zixue Azərbaycan bazarında da gözəl əməkdaşlıq nümunələrinin mövcudluğunu vurğuladı və ölkəmizlə tərəfdaşlıq əlaqələrini gücləndirmək istədiklərini bildirdi.

Prezident İlham Əliyev bu əməkdaşlığın uğurlu olacağına ümid etdiyini bildirdi. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafının Azərbaycanda prioritet sahələrdən olduğunu deyən dövlətimizin başçısı son illərdə bu sektorun inkişafı üçün xeyli işlərin görüldüyünü, bu sahəyə investisiyaların yatırıldığını, xarici tərəfdaşlarla əlaqələrin genişləndiyini dedi. Prezident İlham Əliyev "ZTE" Korporasiyası ilə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğuladı.

AzNews.az