Prezident İlham Əliyev: Qarabağımızı ən qısa zamanda əsl cənnətə çevirəcəyik

Üçrəngli bayrağımızı Şuşada dalğalandıran müzəffər ordumuzun bütün şəxsi heyətinə bir daha dərin minnətdarlığımı bildirirəm

Ermənistanın işğalı və vəhşiliyi nəticəsində başdan-başa dağıdılmış doğma Qarabağımızı əminəm ki, biz ən qısa zamanda əsl cənnətə çevirəcəyik.

AzNews.az-ın xəbər verir ki, bunu Prezident İlham Əliyev dünya azərbaycanlılarına təbrikində qeyd edib.

Dövlət başçısı bildirib:

"Xalqımıza milli qürur və şərəf hissini, qələbə sevincini yaşadan, üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan müqəddəs Şuşada dalğalandıran müzəffər ordumuzun bütün şəxsi heyətinə bir daha dərin minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ölməz ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət diləyir, yaralı hərbçilərimizin tezliklə şəfa tapmasını arzulayıram.

Vətən müharibəsi zamanı Azərbaycan beynəlxalq informasiya məkanında öz sözünü deyərək ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyalarının qarşısını almış, Ermənistanın vandalizmini və mülki insanlara qarşı terror siyasətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır.

Ermənistanın işğalı və vəhşiliyi nəticəsində başdan-başa dağıdılmış doğma Qarabağımızı əminəm ki, biz ən qısa zamanda əsl cənnətə çevirəcəyik.

Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur".