Ötən gün bəşəri düşüncə sistemində inqilab etmiş Azərbaycan əsilli dahi alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi professor Lütfi Zadənin 95 yaşı tamam oldu. Ötən gün bəşəri düşüncə sistemində inqilab etmiş Azərbaycan əsilli dahi alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi professor Lütfi Zadənin 95 yaşı tamam oldu.

“Bəşəriyyəti Lütfi Zadənin əsasını qoyduğu qeyri-səlis məntiq idarə edəcək”

Ötən gün bəşəri düşüncə sistemində inqilab etmiş Azərbaycan əsilli dahi alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi professor Lütfi Zadənin 95 yaşı tamam oldu.

ABŞ - ın Berkli Universitetinin professoru olan Lütfi Zadə əsasını qoyduğu süni-intellekt nəzəriyyyəsi ilə bəşəriyyət tarixində növbəti elmi sivilizasiyanın yaradıcısına çevrildi. İstənilən elm sahəsi bu gün qeyri-səlis məntiqə söykənir. Bəşəriyyət get-gedə qeyri-səlis məntiq formuluna tabe olur.

Lütfi Zadənin elmi irsinin varisi, dünya çapında tanınan alim professor Rafiq Əliyev də 95 yaşı tamam olan Zadə haqqında danışıb:

- Rafiq müəllim, böyük alim Lütfi Zadənin 95 yaşı tamam oldu. Əvvəlcə istərdik ki, Zadə ilə bağlı son məlumatlarınızı onunla mütəmadi əlaqə saxlayan insan kimi bizə deyəsiniz.

- Zadə ilə iki gün öncə danışmışam. Elmi məsələlərimizi müzakirə etmişik. Bu gün də mənə internetlə mesaj yolladı. Bunu ona görə deyirəm ki, oxucular da bilsin ki, Zadədə, onun elmi fəaliyyətində bu gün hər şey qaydasındadır. Zehni cəhətdən əvvəlki formasındadır. Bütün işlərlə maraqlanır, hər bir elmi yenilikləri izləyir. O gün də mənə yazıb ki, filan jurnal var, ora iki məqalə göndərmək lazımdır. Bir az fiziki baxımdan çətinliyi var. Qalan hər şey qaydasındadı. Biz iki gün öncə həm də onunla birlikdə işlədiyimiz ədədlər nəzəriyyəsi barəsində fikir mübadiləsi etdik, öz göstərişlərini verdi.

- Düzdü, çox yerdə bu haqda yazıblar, amma onun elmi varisi Rafiq Əliyevdən bu cavabı eşitmək daha maraqlı olardı - O dünyaya nə verdi?

- Bir çox alimlər olub ki, onlar dünyanı dəyişən elmi nəzəriyyələrin əsasını qoyublar. Amma Zadənin fərqi budur ki, o, dünyanı dəyişən elmi nəzəriyyə ilə bərabər həm də dünyanı dəyişən dünyagörüşün də əsasını qoyub. Mən bunu beş il bundan əvvəl televiziya kanallarının birində demişəm, indi də təkrar edirəm: təxminən 30-40 ildən sonra bəşəriyyətdə yeni bir sivilizasiyanın əsası qoyulacaq və həmin sivilizasiyanın düşüncə tərzi qeyri-səlis məntiq, yəni tolerantlıq məntiqi olacaq. İnsanlar arasında dost-düşmən münasibətlərində, ağ-qara münasibətlərində yox, tolerantlıq münasibətində olacaqlar. İnsanlar Tanrıya yaxın olan bir məntiqlə düşünəcəklər. Bu təmiz başqa bir dünyagörüşdü və onun da kökü Zadənin bəşəriyyətə verdiyi qeyri-səlis məntiq düşüncəsidir.

- Zadənin elmi nəzəriyyələri bəşəriyyətdə nəyin köklü dəyişiminə səbəb oldu?

- Məşhur fizik Eynşteyn Priston xəstəxanasında dünyasını dəyişən zaman, ölüm ayağında dedi ki, mənə Nobel makafatı qazandıran məqaləni verin. Məqaləyə baxandan sonra onu bir kənara ardı və dedi ki, bu mən deyən deyil! Ona görə ki, bu nəzəriyyə ehtimallara söykənib. O zaman bir ifadə də işlətdi ki, Allah kainatla zər oyunu oynamır. Ehtimalla dünyanı yazmaq mümkün deyil. Ağzından bir ifadə çıxardı - imkanlar nəzəriyyəsi. Diqqət edək, ehtimallar yox, imkanlar nəzəriyyəsi. İmkanlar nəzəriyyəsi də qeyri-səlis məntiq nəzəriyyəsidir. Onlar da bunu görürdülər təbii ki, ehtimal nəzəriyyəsinin öz yeri var. Bəzi yerlərdə ondan istifadə etmək olar. O nəzəriyyə eksperimentlərə söykənir. Uzaq kainatın ulduzlarında, planetlərində hansı eksperiment ola bilər ki. Orada ancaq imkanlara, qeyri-səlis məntiqə söykənərək ortaya nəsə qoymaq olar.
Eyni sözləri qeyri-səlis kimyaya da aid etmək olar. Bu gün ağıllı materiallar haqqında bir materiala baxırdım.
Ağıllı materiallar şəraitdən asılı olaraq öz vəziyyətlərini sənin istədiyin şəkildə dəyişmək bacarığına malikdirlər. Bunun da əsasında qeyri-səlis məntiq durur. Qeyri-səlis kimya, qeyri-səlis metallurgiya, qeyri-səlis iqtisadiyyat... Bu terminlərin sayını artırmaq olar. Mənim də qeyri-səlis iqtisadiyyata aid məqaləm var. Bütün bunlar onu göstərir ki, Zadə elmin hər bir sahəsini dəyişdi. Bizim Zadə ilə birlikdə yazdığımız sonuncu kitabımız "Qeyri-səlis hesab" 2015-ci ilin axırında çıxdı. O kitabın timsalında da görə bilərik ki, Zadə həm də riyaziyyat adlı böyük sistemi dəyişdi.

- Son kitabı da birgə yazmısınız. Zadə irsinin elmi varisi kimi, o, da siz də sanki yaşa dolduqca daha da muğamlaşdınız...

... (gülür) Muğam insanı dəyişdirir. Hər hansı muğama məsələn, Zəminxarəyə, Mirzə Hüseyn segahına qulaq asanda mən özümdə olmuram. Nəzakət Teymurova oxuyanda mən özümdə olmuram. O zaman sanki təmiz başqa bir aləmə gedirsən. Elm aləmi də belədir. Əgər sən özündə olsan nə böyük yazıçı, nə böyük sənətçi, nə də böyük alim ola bilməzsən! Gərək özünün yanında olmayasan. Zaman maşını olsa idi, həmin zaman maşınıyla gərək 40-50 il qabağa getmiş olasan. O zaman səni sayar və qəbul edərlər. Bax, Zadəni də dünya buna görə qəbul etdi...


- Rafiq məüllim, bütün bu danışıqların yekunu olaraq sadə göründüyü qədər və mürəkkəb bir sual vermək istərdim - Lütfi Zadə kimdi?

- Zadə dahidi. Amma "dahi" sözü o qədər urvatdan düşüb ki, az qala hamıya, ortabab şairə də dahi deyirlər. Amma dahi olmağın çox ağır meyarları var. Ən birincisi odur ki, istər metafizik şair olsun, istər yazıçı olsun, istərsə alim olsun, o öz zamanını qabaqlamalıdı. Məsələn, yazıçı Çingiz Aytmatovun timsalında deyək: Dahi mütləq öz zəmanəsini azı 50 il, 100 il qabaqlamalıdır. Bu bir kriteriyadır. İkinci kriteriya isə hər hansı bir elm, nəzəriyyə, fikir kimin çiyinləri üzərində durubsa dahi olan şəxs gərək onlardan qorxmasın. Klassiklərdən çəkinməsin. Məsələn, 1960-cı illərə qədər bütün dünya Aristotel məntiqi ilə düşünürdü. Amma Zadə Aristoteldən qorxmadı, çəkinmədi və onun mütləq məntiqini dəyişdi. Bu hər adama qismət olmur. Dahi üçün əsas dediyim meyarlar bunlardı ki, Zadə də onlara tam cavab verir.

Moderator.az