- Siyasi müzakirə
- 31 Oktyabr 22:21
- 1 976
“Türkiyə mediası bütövlükdə Azərbaycana qarşı siyasət yürütmür” - Həşim Səhrablı
“Türkiyə mediasında, xüsusilə Fələstin məsələsi ilə bağlı anti-Azərbaycan kampaniyalarının başlanmasına təəccüblənmək lazım deyil. Çünki Türkiyə mediasının strukturuna diqqət yetirdikdə aydın olur ki, bu sahə faktiki olaraq müxtəlif qrupların – hökumətin, müxalifətin və ya xarici dairələrin təsiri altındadır. Yəni fərqli media quruluşlarının maliyyə mənbələri, onları yaradan və fəaliyyətinə nəzarət edən qüvvələr müxtəlif güc mərkəzlərinə bağlıdır. Bu baxımdan nəzəri və praktik olaraq aydın görünür ki, Türkiyə mediası bütövlükdə Azərbaycana qarşı siyasət yürütmür. Sadəcə müəyyən media orqanları bu cür mövqe tutur. Bu qurumlar əsasən Azərbaycan-Türkiyə münasibətlərini zədələməyə, Azərbaycanın xarici siyasətinə lazımsız şəkildə müdaxilə etməyə çalışan dairələrdir. Onlar, xüsusilə Qəzza, İsrail-Fələstin və ya İsrail-Həmas qarşıdurması fonunda, Azərbaycanı birmənalı mövqe tutmağa məcbur etməyə çalışırlar”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, Türkiyə mediasında Azərbaycana qarşı növbəti təbliğat dalğası müşahidə olunur. Bəzi qüvvələr Qəzzada baş verən toqquşmalar fonunda məsuliyyəti Azərbaycanın üzərinə yönəltməyə və ölkəmizi İsrail-Fələstin qarşıdurmasında tərəf kimi təqdim etməyə cəhd göstərirlər. Halbuki Azərbaycan daim beynəlxalq hüquqa və humanitar dəyərlərə əsaslanan balanslı mövqe nümayiş etdirib. Analitiklərin fikrincə, bu cür iddialar Türkiyə–Azərbaycan münasibətlərini sarsıtmağa yönəlmiş manipulyativ addımlardır. Rəsmi Bakı isə həm İslam həmrəyliyinə, həm də iki dövlətli həll prinsipinə sadiqliyini davam etdirir.
Siyasi şərhçi qeyd edib ki, bəzi qüvvələr yayımladıqları manipulyativ xəbərlərlə Azərbaycan ictimaiyyətində çaşqınlıq yaratmağa, hökumətin qərarlarına təsir göstərməyə və nəticədə ölkəni Qəzza məsələsində birmənalı mövqe tutmağa məcbur etməyə çalışırlar.
"Onlar bununla Azərbaycan-İsrail münasibətlərinin korlanmasını da gözə alırlar və ölkəmizin xarici siyasətinin daha çox ərəb millətçiliyi istiqamətində formalaşmasını arzulayırlar. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi hazırda təmkinli davranmağa çalışır. Bizim tərəf seçməyə ehtiyacımız yoxdur: nə İsrailin, nə də Fələstinin tərəfindəyik. Azərbaycan beynəlxalq hüquqa və humanist prinsiplərə əsaslanır. Rəsmi Bakı dəfələrlə vurğulayıb ki, BMT-nin qərarları və beynəlxalq ədalət prinsipləri əsas götürülməlidir. İki dövlətli həll modeli təmin olunmalı, hər bir xalq öz müqəddəratını təyin etmək hüququna malik olmalıdır. Ərazi məsələləri isə beynəlxalq hüququn normalarına və xalqların maraqlarına uyğun şəkildə həll edilməlidir. Bu baxımdan, Azərbaycan tərəfi nə etməlidir? Yalnız bu manipulyativ xəbərlərdən uzaq durmaqla kifayətlənməməli, eyni zamanda Türkiyə cəmiyyətində də ictimai rəyi düzgün istiqamətləndirməyə çalışmalıdır. Çünki bu saxta xəbərlər Türkiyə ictimaiyyətində Azərbaycana qarşı formalaşmış müsbət münasibəti sarsıda, iki ölkə arasında soyuqluğa səbəb ola bilər. Buna görə də Azərbaycan həm daxildə, həm də Türkiyə cəmiyyətində məqsədyönlü media siyasəti yürütməlidir. Belə bir informasiya strategiyası formalaşdırılmalıdır ki, həm Türkiyə, həm də Azərbaycan ictimaiyyəti aydın şəkildə görsün: Azərbaycan öz milli maraqlarından çıxış edir, İslam dünyasının və mülki insanların hüquqlarını da görməzdən gəlmir. Amma bu, Azərbaycanın hansısa tərəfin maraqlarına uyğun hərəkət etməsi demək deyil. Burada əsas prinsip beynəlxalq hüquq və ədalət prinsiplərinə sadiq qalmaqdır. Azərbaycan əvvəldən iki dövlətli həll planını dəstəkləyib və bu gün də həmin mövqeni qoruyur. Eyni zamanda, humanitar vəziyyətin yaxşılaşdırılması, qırğınların və müharibənin dayandırılması üçün beynəlxalq səylərə qoşulur, bu istiqamətdə öz xarici siyasətini davam etdirir".
Rəfiqə Namazəliyeva,
AzNews.az