Azərbaycanda keyfiyyətli hərbi kliplər niyə çəkilmir?

Elə mahnılar var ki, onlar insanı uzun müddət öz təsirində saxlayır.


Cəmiyyətin hərbi-vətənpərvərlik ruhunun formalaşmasında bu mövzuda yazılan mahnıların, çəkilən kliplərin rolu böyükdür. Təcrübə göstərir ki, əksər müharibə vəziyyətində olan ölkələr məhz bu yönümlü təbliğatdan istifadə edir. Elə işğalçılıq siyasəti yürüdən Ermənistanda da gün-gündən bu cür kliplərin sayı artmaqdadır. Öz incəsənətimizə və şou-biznesimizə nəzər saldıqda isə nədənsə müharibə illərində formalaşmış bu ənənənin səngidiyini görürük. Maraqlıdır, bu nə ilə bağlıdır? Hərbi-vətənpərvərlik ruhunda yazılan musiqilərin daha az gəlir gətirməsi buna əsas səbəb ola bilərmi? Ümumiyyətlə, maraqlıdır, bu cür kliplərin çəkilməsində təşəbbüskar kim olmalıdır: müğənnilər, ya dövlət qurumları?

Baxmayaraq ki, Ermənistanın hərbi büdcəsi Azərbaycandan qat-qat aşağıdır çəkdiyi musiqili klip bu ölkənin güclü ordu və hərbi texnikaya sahib olduğunu təbliğ edir.


Ermənistan ordusunun təbliğatı



Xalq artisti Mübariz Tağıyevin sözlərinə görə, müğənnilərə vətənpərvərlik mövzuda mahnı ifa etmək sərf etmir. Hazırda müğənnilərin əsas gəlir mənbəyinin toylar olması ifaçıları daha çox estradaya üstünlük verərək şən mahnılar ifa etmələrinə səbəb olur. Xalq artistinin fikirincə, vətənpərvərlik mahnılarına klipləri dövlət qurumları çəksələr daha yaxşı olar: "Mən Ermənistanın o vətənpərvərlik kliplərinə ağrı ilə baxıram. Çox heysflənirəm ki, bizdə belə klip yoxdur ki, Azərbaycanın sərhədindən kənara çıxardaq. Bilmirəm, burada kim günahkardır. Bunu hansısa bir şirkətin və yaxud Mədəniyyət Nazirliyinin öz öhdəliyinə götürməli olduğunu da deyə bilmərəm. Amma kimsə bunu eləməlidir".

Mübariz Tağıyevin sözlərinə görə, belə kliplərin çəkilməsi üçün külli miqdarda vəsait tələb olunur. Yəni hansısa bir hərbi təlimdən videonu götürüb üstünə mahnı yazmaqla iş bitmir. Klipin işığından tutmuş aktyorlar və müğənninin makiyajına kimi hər bir şey hesablanmalıdır. Xalq artisti belə mövzüda klipin yüksək səviyyədə çəkilməsini zəruri hesab edir. Onun sözlərinə görə, ifaçıların da öz təşəbbüsü olmalıdır:

"İfaçı hansı ölkənin vətəndaşı olduğunu unutmamalıdır. Əgər ifaçı üç mahnı hazırlayırsa ən azından bir dənə də olsun vətənpərvərlik mahnısı hazırlamalıdır".

Araşdırma zamanı məlum oldu ki, müğənnilərin vətənpərvər mahnı hazırlamamaqların səbəbi onların bu cür klip çəkiləşlərinin qaydaları haqda məlumatsız olmalarıdır. Tanınmış müğənni Nadir Qafarzadə hərbi hissədə çəkilişin aparılmasının qadağan olduğunu düşünür. Müğənni hərbi-vətənpərvərlik ruhunda video-klip hazırlamaq istəyir, lakin zirehli texnika və yaxud silahların çəkilişinin qadağan olunması onun bu istəyini ürəyində qoyur. "Əvvəl elə bilirdim ki, belə video kliplər çəkmək olmaz. Düşünürdüm ki, hərbi hissələrdə hansısa gizli saxlayacamız silah sursatlar var, hansı ki onları nümayiş etdirmək olmaz. Əgər icazə varsa , mən bunu böyük həvəslə etməyə hazıram ".

Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu mövzularda təşəbbüs müğənninin özündən gəlməlidir. Vətənpərvərlik ruhunda mahnı yazan müğənni nazirliyə müraciət edə bilər. Nazirlikdən həmçinin əlavə olundu ki, qurumun saytında kifayət qədər hərbi paradlardan şəkillər və minlərlə video var. Əgər lazımdırsa müğənnilər bu materialdan istifadə edə bilərlər.

Mədəniyyət və Turizm Nazirliyində də bu işin sırf səhnə adamlarının məsuliyyətində olduğunu düşünürlər. "Vətənpərvərlik kliplərinin çəkilməsinə nazirliyin aidiyyatı yoxdur" - deyə qurumun mətbuat xidmətindən bildirildi.

Maraqlıdır ki, təşəbbüs var və bu təşəbbüs aidiyyatı qurumlar tərəfindən də dəstəklənir, amma buna baxmayaraq hələ də qarşı tərəfin çəkdiyi kliplərlə rəqabət apara biləcək bir məhsulumuz yoxdur. Bizim gözləmə mövqeyi tutduğumuz müddətdə Ermənistan tərəfi dəyanmadan hərbi mövzuda yeni və keyfiyyətli musiqili kliplər çəkir və bununlada əsgərlərinin döyüş ruhunu yüksəldir. Beləcə əfsuslar olsun ki, biz Ermənistana müharibənin bu sahəsində uduzuruq... Bu cür kliplər gənclərdə vətənpərlik hissləri aşılamaqla yanaşı Ermənistan hərbi texnikası və canlı qüvvəsini qat-qat üstələyən Azərbaycan ordusunun gücünü nümayiş etdirə bilər.


Aygün Kazımovanın "Vətən anadır" klipi

anspress.com