İki azərbaycanlı “Gürcüstanın Əməkdar jurnalisti” adına layiq görüldü

Bu gün “Gürcüstan” qəzetinin iki əməkdaşı Şahvələd Əli oğlu Eyvazov və Binnət Əli oğlu Məmmədov Gürcüstanda Azərbaycandilli mətbuatda səmərəli fəaliyyətlərinə görə “Gürcüstanın Əməkdar jurnalisti” adına layiq görülüb.


Hər iki jurnalist uzun illərdir ki, Gürcüstanda Azərbaycandilli mətbaut sahəsində çalışır.

Hər iki jurnalistin bu il 60 yaşı tamam olub. Onlarca sərginin diplomçusu və laureatı olan Şahvələd Eyvazov bu gün də doğulub boya-başa çatdığı Tbilisi şəhərində yaşayır. O, 24 ildir ki, ABŞ-ın "Assoşeyted Press" informasiya agentliyinin Tbilisidə yerləşən Qafqaz bürosunun foto müxbiridir. Ş. Eyvazov Osetiya, Abxaziya, Dağlıq Qarabağ münaqişələrindən çəkdiyi kadrlar dünyanın müxtəlif qəzet və jurnallarında dərc olunub. Şahvələd Eyvazov həmçinin Gürcüstanda yaşayan azərbaycanlıların adət-ənənəsini, maddi mədəniyyət abidələrini obyektin yaddaşına köçürür. Ş. Eyvazov Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilən "Uzun sürən müharibənin əks sədası" foto sərgidə də iştirak edib.

Binnət Əli oğlu Məmmədov "Gürcüstan" qəzetində çalışmaqla bərabər, həm də "Regionpress" qəzetinə rəhbərlik edir. Onun Gürcüstanda gənc jurnalistlərin yetişdirilməsində əməyi böyükdür. Publisistik məqalələri ilə dövrü mətbuatda müntəzəm çıxış edir. B. Məmmədov 1991-ci ildən Gürcüstan Jurnalistlər Federasiyasının üzvüdür. O, 1997-ci ildə Gürcüstan prezidentinin "Təşəkkürnamə"sinə layiq görülüb. "Salam, dünyanın dərdi" və publisistik məqalələr kitabının müəllifidir. B. Məmmədov eyni zamanda müxtəlif ali məktəblərdə Azərbaycan dilini tədris edib.




APA