“Yaxşı film çəkməkdən ötrü xaricdən mütəxəssis dəvət etməliyik” “Yaxşı film çəkməkdən ötrü xaricdən mütəxəssis dəvət etməliyik”

Nizami Cəfərov: “Rüstəm İbrahimbəyov özü deyirdi ki...” - CAVAB

“Yaxşı film çəkməkdən ötrü xaricdən mütəxəssis dəvət etməliyik”



Millət vəkili Nizami Cəfərovun AzNews.az-a müsahibəsi:

- Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov AzNews.az-a müsahibəsində Qarabağ haqqında səviyyəli film barədə təkliflər etdiyini, lakin bunun qəbul edilmədiyini söyləyib. Bu fikrə münasibətinizi bilmək istərdik...

-Artıq Rüstəm İbrahimbəyov dövrü keçib. Mən bu haqda danışsam, bir az pis çıxacaq. Çünki mən onunla müəyyən məsələlərdə mübahisə etmişəm. Rüstəm İbrahimbəyov özü deyirdi ki, Bakı şəhərindən mənim xoşum gəlmir. Çünki buranı zəbt etdilər - qaçqın, köçkün gəldi. Nəticədə isə Bakının mənzərəsi pisləşdi. Bu fikirdə olan bir adam nə çəkəcək? Onun mövqeyi əvvəldən məlumdur. Bizim elə peşəkarlarımız olur ki, onlar əsər yaratmazdan əvvəl qonorar istəyirlər. Olmaz. Bu elə bir məsələdir ki, gərək özün can qoyasan, işi görəsən. Rüstəm İbrahimbəyovun elə imkanları yoxdur ki, ondan istifadə edə. Yəni, bir film çəkə. Hamıya da bəyan edə ki, mən belə bir film çəkmişəm. Hamı da görə ki, doğrudan da bu adam nəsə iş görə bilir.

- Mədəniyyət Komissiyasının sədri kimi, Siz Qarabağ hadisələri və Xocalı soyqırımı ilə bağlı çəkilən filmlərin səviyyəsindən razısınızmı?

- Bu, sənətkarlıq işidir. Bir neçə filmlərimiz olmalıdır. Hadisələr ya bir az çılpaqlıq, ya da fəlsəfi mənada nümayiş olunmalıdır. Erməni məsələsi yalnız türklərə qarşı deyil, dünyaya qarşı yönələn bir hadisədir, terrorizmdir. Biz həqiqətimizi ifadə edən hər cür filmlər çəkə bilərik. O film necə alınacaq, bu artıq sənətkarın səviyyəsindən asılıdır. İdeya məlumdur.

-Milli Məclisdə büdcə məsələləri müzakirə olunan zaman Qarabağ hadisələrindən və Xocalı soyqırımından bəhs edən filmlərin ekranlaşması da gündəmə gəlib. Amma nədənsə millət vəkili Qənirə Paşayevaya dəstək verən olmayıb. Niyə?

-Qarabağla bağlı bir neçə film çəkilib. Amma hesab edirəm ki, ekranlaşan filmlər çox azdır. Çəkilən filmlərin bəziləri yaxşı effekt verdi. Sadəcə olaraq, olanlarla kifayətlənmək lazım deyil. Belə filmlərin sayını artırmaq lazımdır. Azərbaycanın çox səviyyəli mütəxəssisləri var. Amma belə filmlər üçün məncə xarici ölkələrdən mütəxəssislər gətirilsə, daha yaxşı olar.
Biz ermənilər kimi edə bilmirik - Qənirə Paşayeva doğru deyir. Müəyyən məsələlər var ki, onlar xalqa və dünya ictimaiyyətinə çatdırılmalıdır. Bədnam qonşularımız yazıq erməni obrazı yaradırlar. Bu da dünyada qəbul olunan bir formuladır - biz onu edə bilmirik. Bizim psixologiyamızda, yaradıcılıq texnologiyamızda belə şeylər yoxdur. Heydər Əliyev Fondu bir neçə film hazırladı. Tamaşalarımız var. Məsələn, "Xəcalət" tamaşası dünyanın hər yerində nümayiş olunur. Belə şeylər var, amma biz daha çox ayrı bir texnologiya ilə gedirik, uğurlarımızı göstəririk. Buna adət etmişik. Məsələn, bizi qırdılar, məhv etdilər, öldürdülər və s. kimi fikirlərlə biz dünya arenasına çıxmırıq. Bütün bunlara baxmayaraq, Qarabağ hadisələrindən bəhs edən filmlərin həm keyfiyyətini, həm də sayını artırmalıyıq. Amma mən başqa bir təklif edərdim. Belə filmləri Azərbaycandan çox Türkiyə çəkməlidir.

Çünki tarix boyu erməni işğalı, erməni iddiaları daha çox Türkiyəyə yönəlib. Məsələnin kökü Türkiyədən başlayır. Hətta Azərbaycana qarşı erməni iddialarının çoxu da Türkiyədə, Osmanlıda məğlub olmalarından qaynaqlanıb. Biz belə filmləri bəlkə də şərikli çəkməliyik. Kifayət qədər mütəxəssislərimiz, həm yaxşı rejissor sistemi, həm ssenarist imkanlarımız var. Yeni nəsil yetişir. Onlar həm o ağrını hiss edir, həm də sənətkar kimi kifayət qədər orijinaldırlar. Amma bundan da zəngin olmalıyıq.

Bahar Rüstəmli
AzNews.az