• Qərb
  • 1 Noyabr 22:20
  •  2 248

Tramp Ali Məhkəmənin iclasında iştirak edən ilk ABŞ lideri ola bilər

Prezident Donald Tramp tarif dinləmələrində iştirak edərsə, Ali Məhkəmədə şifahi müzakirələrdə iştirak edən ilk ABŞ dövlət başçısı ola bilər.

Aznews.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

Tramp əvvəllər tətbiq etdiyi idxal tariflərinin taleyini həll edəcək dinləmələrdə şəxsən iştirak etmək istədiyini bildirib.

"Bloomberg" Ali Məhkəmə Tarix Cəmiyyətinin nəşrlər üzrə direktoru Kler Kuşmana istinadən qeyd edir ki, Ali Məhkəmənin iki yüz ildən çox tarixində heç bir prezident şifahi müzakirələrdə iştirak etməyib.

Agentlik əlavə edir ki, Trampın dinləmədə görünməsi administrasiyaya tariflərin qanunsuz olması barədə qərarı ləğv etmək üçün məhkəməyə təzyiq göstərməyə imkan verə bilər, lakin ABŞ liderinin iştirakı qeyri-müəyyən olaraq qalır. Çünki onun həmin gün Florida ştatının Mayami şəhərində keçiriləcək biznes forumunda çıxış etməsi gözlənilir.

Ali Məhkəmə ABŞ administrasiyası tərəfindən tətbiq edilən çoxsaylı tariflərin qanuniliyini araşdırmaq üçün noyabrın beşində dinləmə təyin edib. İş bir qrup biznesmenin ABŞ hökumətinə qarşı tariflərin qanunsuz olduğunu və şirkətlərinə zərər verməsinə dair iddia qaldırmasından sonra başlayıb.

Avqustun 29-da ABŞ Dairə Apelyasiya Məhkəməsi Trampın elan etdiyi bir çox tarifləri tətbiq etmək səlahiyyətinin olmadığına qərar verib. Sentyabrın 4-də Tramp administrasiyası Ali Məhkəməyə qərarı ləğv etmək üçün müraciət edib.