"Mənzillərin qiyməti düşəcək"- Ekspertdən açıqlama

“Bu ilin birinci yarısında mənzil bazarında qiymət azalmaları davam edəcək.”

Bunu AzNews.az-a iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, real tələb və təklifə əsasən qiymət azalmaları proqnozlaşdırılır: “Bəziləri cəmiyyətə qiymət artımlarının olacağını təlqin etməyə və bununla da süni tələb yaratmağa çalışırlar. Məqsəd sadədir: qiymət artımlarından ehtiyatlanan potensial alıcı daha qısa zaman ərzində mənzil almağa çalışacaq. Bir tərəfdən vətəndaş yüksək qiymətə mənzil alacaq, digər tərəfdən süni tələb yeni qiymət artımlarına yol açacaq. Əvvəllər əmlak bazarında və eləcə də inşaat sektorunda durğunluq manatın bazar dəyəri formalaşdırıldıqdan sonra aradan qalxa bilər. Bu isə o deməkdir ki, bu ilin birinci yarısında mənzil bazarında qiymət azalmaları davam edəcək.”

Vüqar Bayramov son günlər mənzillərin qiymətinin artacağı haqqında xəbərlərin mətbuatda yer aldığını qeyd edib: “Oxşar reaksiya 2014-cü ildən müşahidə edilir. 2014-ci ilin ortalarında qiymət azalmaları proqnozlaşdırılan zaman da "spekulyativ qiymət artımları" xəbərləri mətbuatda yer alırdı. Hətta bir neçə gün əvvəl "mənzil bazarında ötən il 5 faizlik qiymət artımının olması" barədə xəbərlər yayıldı. Nə qədər maraqlı olsa da, həmin xəbərə inansaq, o zaman, 2016-cı ilin əvvəlində 200 min manata təklif edilən mənzil ilin sonunda 210 min manata satılıb. Bəlkə belə araşdırma aparanlar zarafat edirlər. Demək çətindir. Amma ötən ilin əvvəlində 200 min manata olan mənzili indi, nəinki, 5 faiz baha, heç öz qiymətinə belə satmaq mümkün deyil.”

Bahar RÜSTƏMLİ

AzNews.az