İsmayıllıda yandırılan “Çıraq” otelinin yerində yaşayış binası tikilir

İsmayıllıda baş verən kütləvi etiraz aksiyaları zamanı yandırılan, Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərova məxsus məşhur "Çıraq" otelinin yerində yeni çoxmərtəbəli yaşayış binası tikiləcək. Bu barədə Modern.az saytına İsmayıllı rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsindən məlumat verilib.

Bildirilib ki, İcra Hakimiyyətində hazırlanan yeni layihə üzrə "Çıraq" otelinin yerində yaşayış binası inşa ediləcək.

"Hazırda yeni layihə üzərinə çalışırıq. Bu layihəyə əsasən "Çıraq" otelinin yerləşdiyi ərazidə çoxmərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulub. Həmçinin, otelin ətrafında yerləşən sovet dönəmində inşa edilmiş, istifadə müddəti başa çatmış ikimərtəbəli yaşayış binalarının sökülərək yerində yeni yaşayış evlərinin tikilməsi də planlaşdırılır"-deyə icra hakimiyyətindən bildirilib.

Rayon sakinlərinin əməkdaşımıza verdiyi məlumata görə, layihə ilə bağlı İcra Hakimiyyətinin nümayəndələri evləri plana düşən sakinlərə bu haqda xəbərdarlıq ediblər. Bildirilib ki, "Çıraq" otelinin yerləşdiyi ərazidə hazırda tikinti ilə bağlı hazırlıq işləri görülür.

Xatırladaq ki, bu ilin yanvar ayında İsmayıllıda baş verən kütləvi etiraz zamanı Vüqar Ələkbərovova məxsus "Çıraq" oteli yerli sakinlər tərəfindən yandırılıb. Yanğından sonra yararsız vəziyyətə düşən otel sökülərək yerlə bir edilib.

AzNews.az