Şahbaz Xuduoğlu: “Sayman Aruz bu məsələlərə İranın gözü ilə baxır, biz isə...” Şahbaz Xuduoğlu: “Sayman Aruz bu məsələlərə İranın gözü ilə baxır, biz isə...”

AYB rəsmisinin “yayı atıb, oxu gizlətməsi” aranı qatdı - QALMAQAL

Şahbaz Xuduoğlu: “Sayman Aruz bu məsələlərə İranın gözü ilə baxır, biz isə...”



Yazıçılar Birliyinin Cənub şöbəsinin rəhbəri Sayman Aruz tərcümə ədəbiyyatında zəhməti olanlara qarşı ağır ittiham irəli sürüb: "Amerikada "sarı ədəbiyyat" kimi tanınan yazarlar Azərbaycanda ciddi ədəbiyyat kimi tərcümə olunaraq, oxuculara təqdim olunur ".

AzNews.az-a daxil olan məlumata görə, söhbət "Qanun nəşriyyat evi"nin çap etdiyi "Bozun əlli çaları"ı kitabından gedir. S. Arzun iradlarına "Bozun əlli çaları"nın tərcüməçisi Əziz Rzazadə də münasibət bildirdi.

"Əslində onun hansı əsərləri "büzüşmüş xəmir" adlandırması müəmmalı qalır. Oxu atan adam, hədəfi də görməli və göstərməlidir. Hədəf isə görünmür, yəni Sayman Aruzun kimi nişan aldığı bilinmir. İkincisi, söhbət konkret "Bozun əlli çaları"ndan gedirsə, AYB təmsilçisinin bunu bilməsi məsləhətdir: əgər "New York Times" kimi bir nüfuzlu nəşr bu əsəri 1 nömrəli bestseller adlandırırsa və "Rendom Haus"dan tutmuş bir çox ünlü kitab şəbəkələrinə qədər bir çox nəşriyyatların satış siyahısında o, 1-ci yerdə qalırsa, deməli, onun tərcüməsi təsadüfən seçilməyib. "Bozun əlli çaları" öz janrında son dövrün ən yaxşı əsəridir. Maraqlı olan həm də budur ki, dünya miqyasında son bestsellerlərin bir çoxu qadın müəlliflərə məxsusdur. "Sarı ədəbiyyat" iradına gəlincə, ciddi ədəbiyyat yazarı sayılan Haruki Murakamini də "Norveç meşəsi" romanına görə çıxdaş etmək olardı.

Sayman Aruza ədəbiyyatda erotika elementinin varlığına dair mühazirə oxumaq istəmirəm. AYB-nin Cənub bölməsinin rəhbəri kimi o bunu məndən yaxşı bilməlidir. Əgər unudubsa, ən azı klassik ədəbiyyata bir daha baş vursun. Lazım gəlsə, proletar yazıçısı Maksim Qorkinin də bir erotik əsərini oxumaq üçün ona tövsiyə edə bilərəm. Yəni bu "büzüşmüş xəmir" hələ çox su aparacaq..."

"Qanun nəşriyyat evi"nin direktoru Şahbaz Xuduoğlu isə bildirdi ki, dünyada sarı ədəbiyyat termini yoxdur:

""Bozun əlli çaları" əsərini bəlkə də İranda yasaq edərlər, çap etməzlər. Bu kitab əksər ölkələrdə, Türkiyə, Rusiya, Gürcüstanda bütün dillərə də çap olunub. Dünyada ən çox satılan bir kitabdır. Müəllif isə heç də amerikan deyil, ingilis yazıçısıdır. Biz də onu Azərbaycan dilində nəşr etmişik. Əgər söhbət erotik nəşrlərdən gedirsə, bizdə erotikanı yasaq edən bir qanun yoxdur. İkincisi, bu cür ədəbiyyatlar dünyada yayılır və biz də nəşr edirik. Fərq isə ondan yaranır ki, Sayman Aruz bu məsələlərə İranın gözü ilə baxır, biz isə demokratik və inkişaf etməkdə olan ölkələrin gözü ilə".

Bahar Rüstəmli
AzNews.az