TQDK-dan imtahanla bağlı açıqlama

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyun ayında respublikanın bütün orta ümumtəhsil müəssisələrinin buraxılış sinfində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.
İlk buraxılış imtahanı (IX və XI siniflər üçün) iyunun 2-də Bakı şəhərində, Sumqayıt şəhərində və Abşeron rayonunda keçiriləcəkdir. Eyni gündə Lənkəran, Gəncə, Quba, Qusar, Balakən, Xaçmaz, Zaqatala, Mingəçevir rayonlarının rus bölməsi şagirdləri də buraxılış imtahan verəcəklər.
Saat 10:00-da buraxılış sinfinin IX sinif şagirdləri, 15:00-da isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdirəcəklər.

Bu imtahanlarda iştirak edəcək şagirdlər buraxılış vərəqələrini internet vasitəsilə çap edə bilirlər.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

9-cu sinif şagirdləri:

1. İmtahana buraxılış vərəqəsini ;
2. şəxsiyyəti təsdiq edən sənədin əslini (Şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsi olmayan və yaxud şəxsiyyət vəsiqəsində şəkli olmayan cari ilin məzunları üçün arayış - Əlavə 9 (arayışa şagirdin 3 x 4 sm ölçülü şəkli yapışdırılır və möhürlə təsdiqlənir).

11-ci sinif şagirdləri:

1. İmtahana buraxılış vərəqəsini;
2. şəxsiyyəti təsdiq edən sənədin əslini (Şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsi olmayan və yaxud şəxsiyyət vəsiqəsində şəkli olmayan cari ilin məzunları üçün arayış - Əlavə 9 (arayışa şagirdin 3 x 4 sm ölçülü şəkli yapışdırılır və möhürlə təsdiqlənir);
a) Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini.

IX siniflərin buraxılış imtahanı haqqında məlumat

İyunun 2-də orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda ümumilikdə 79 imtahan mərkəzi ayrılıb:

İmtahan Bakı şəhərində 66 (Nərimanov rayonunda 5, Səbail rayonunda 4, Yasamal rayonunda 6, Nəsimi rayonunda 5, Nizami rayonunda 5, Binəqədi rayonunda 8, Sabunçu rayonunda 9, Xətai rayonunda 7, Suraxanı rayonunda 7, Xəzər rayonunda 5, Qaradağ rayonunda 4, Pirallahı rayonunda 1), Sumqayıt şəhərində 7, Abşeron rayonunda isə 6 binada aparılacaq.

Həmin gün Bakı şəhərində 32479 (Nərimanov rayonunda 2583, Səbail rayonunda 1699, Yasamal rayonunda 3022, Nəsimi rayonunda 2406, Nizami rayonunda 2654, Binəqədi rayonunda 4062, Sabunçu rayonunda 4438, Xətai rayonunda 3703, Suraxanı rayonunda 3064, Xəzər rayonunda 2662, Qaradağ rayonunda 2027 nəfər, Pirallahı rayonunda 159), Sumqayıt şəhərində 4390, Abşeron rayonunda isə 2924 nəfər şagirdin imtahanda iştirakı nəzərdə tutulur.

İmtahanın idarə edilməsi üçün 333 imtahan rəhbəri, 3353 nəzarətçi-müəllim ayrılıb.

XI siniflərin buraxılış imtahanı haqqında məlumat

Orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda ümumilikdə 79 imtahan mərkəzi ayrılıb:

İmtahan Bakı şəhərində 66 (Nərimanov rayonunda 5, Səbail rayonunda 4, Yasamal rayonunda 6, Nəsimi rayonunda 5, Nizami rayonunda 5, Binəqədi rayonunda 8, Sabunçu rayonunda 9, Xətai rayonunda 7, Suraxanı rayonunda 7, Xəzər rayonunda 5, Qaradağ rayonunda 4, Pirallahı rayonunda 1), Sumqayıt şəhərində 7, Abşeron rayonunda isə 6 binada aparılacaq.

Həmin gün Bakı şəhərində 23145 (Nərimanov rayonunda 2042, Səbail rayonunda 1366, Yasamal rayonunda 2337, Nəsimi rayonunda 1995, Nizami rayonunda 2218, Binəqədi rayonunda 2989, Sabunçu rayonunda 2497, Xətai rayonunda 2690, Suraxanı rayonunda 2025, Xəzər rayonunda 1594, Qaradağ rayonunda 1254 nəfər, Pirallahı rayonunda 138), Sumqayıt şəhərində 3369, Abşeron rayonunda isə 1665 nəfər şagirdin imtahanda iştirakı nəzərdə tutulur.

İmtahanın (11-ci sinif) idarə edilməsi üçün 333 imtahan rəhbəri, 2488 nəzarətçi-müəllim ayrılıb.

Lənkəran, Gəncə, Quba, Qusar, Balakən, Xaçmaz, Zaqatala və Mingəçevir rayonlarının rus bölməsi şagirdlərinin buraxılış imtahanları üçün adı çəkilən şəhərlərin hər birində 1 imtahan mərkəzi yaradılmışdır. İyunun 2-də həmin şəhərlərin orta ümumtəhsil müəssisələrinin rus bölməsi üzrə buraxılış sinfində təhsil alan 1727 nəfər IX sinif şagirdi, 1472 nəfər isə XI sinif şagirdi imtahan verəcək.

Buraxılış imtahanının qaydalarına görə:

- Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün

-Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. Qeyd edək ki, TQDK tərəfindən buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə Ana dili və Riyaziyyat fənlərindən test tapşırığı nümunələri və təqdim ediləcək yazı işlərinin mövzuları Komissiyanın internet saytında yerləşdirilmişdir.
İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.

- Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir.

- Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.

- Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir.

- Səhhəti, ailə vəziyyəti ilə bağlı Buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər iyul ayının 8-də buraxılış imtahanı verəcəklər.

Elnarə Əlosmanqızı
AzNews.az