- Köhnə - Cəmiyyət
- 9 İyul 2013 16:14
- 4 089
Hüseynbala Mirələmovun qardaşı oğlunun məhkəməsi uzanır
Bakı Ağır Cinayətlər Məhkəməsində deputat Hüseynbala Mirələmovun qətl törətməkdə təqsirləndirilən qardaşı oğlu Rəşad Mirələmovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilir. İyulun 9-da hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda mərhum Ramal Bayramovun anası Nənəş İsmayılovanın nümayəndəsi Altay Muradov məhkəmə tərkibinə etiraz verib. A.Muradov bildirib ki, R.Mirələmovun cinayət işinə baxılması hakimlər Cavid Hüseynov, Əlisoltan Osmanov və Eldar İsmayılovdan ibarət məhkəmə tərkibinə həvalə edilib: "İşə baxılması ilə əlaqədar məhkəmənin hazırlıq iclasında "işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına haqda" tərəfimizdən verilmiş vəsatət məhkəmə tərəfindən heç bir əsas olmadan təmin edilməyib. Biz həmin vəsatətdə qeyd olunan cinayət işinin ibtidai araşdırılması zamanı istintaq orqanı tərəfindən qüvvədə olan cinayət prosessual qanunvericiliyinin tələbləri kobud, həm də açıq-aşkar şəkildə pozulduğu, cinayət mühakimə icraatının fundamental prinsiplərinin tələblərinə əməl edilmədiyi, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin hüquqları pozulduğu, cinayət işinin istintaqının birtərəfli, qərəzli, qeyri-obyektiv aparıldığı, zərərçəkmiş şəxsin hüquqi varisinin oğlunun qətlə yetirilməsində iştirak etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməməklə cəzadan kənarda qaldığını qeyd etmişik".
Vəkilin sözlərinə görə, Nənəş İsmayılova oğlunun qətlə yetirilməsi ilə bağlı aidyyatı orqanlara və vəzifəli şəxslərə çoxsaylı müraciətlər edilib. Onun sözlərinə görə, Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılmış istintaqın tam, hərtərəfli və obyektiv aparılmadığı qeyd edilib: "Müraciətlərimizin mətnindən də göründüyü kimi işin istintaqını aparan müstəntiq Pərviz İbayevə tərəfimizdən etiraz edilib. Etidiyimiz həmin müraciətlər Baş Prokurorluğun Ağır Cinayətlərə Dair islər üzrə İstintaq İdarəsinə göndərilsə də, müraciətlərimizə, eləcə də etdiyimiz etiraza istintaq orqanı tərəfindən heç bir cavab verilməyib. Hazırkı halda ibtidai araşdırmanı etiraz edilməli şəxs tərəfindən aparılmalı və tərəfimizdən verilmiş etiraza qanunla müəyyən edilmiş qaydada cavab verilməməsi və heç bir tədbir görülməməsi qanun pozuntusu kimi qiymətlənidirilir. Bu halda cinayət işinə baxılmasına xitam verilir və cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirilən prokurora qaytarılır".
A.Muradov çıxışının sonunda qeyd edib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə işə baxılması həvalə edilmiş hakimlər Cavid Hüseynov, Əlisoltan Osmanov və Eldar İsmayılovdan ibarət məhkəmə tərkibinə etiraz edirlər. Həmin hakimlərin işə baxılmasında maraqlı olması əsas gətirən vəkil etirazlarının təmin edilməsini, cinayət işinə baxılmasını qeyd olunan məhkəmənin başqa hakimlərinin icraatına verilməsini xahiş edib.
Nənəş İsmayılovanı məhkəmədə təmsil edən digər vəkil Ələkbər Əlizadə etirazı müdafiə etdiyini və təmin edilməsini xahiş edib. Prokuror Eldar Həmzəyev etirazla tanış olmaq üçün məhkəmə heyətindən vaxt istəyib. Buna görə də hakimlər məhkəmə baxışının davamını iyulun 23-dək təxirə salıblar.
İttihama görə, 2012-ci il iyulun 17-də paytaxtın Səbail rayonu ərazisində fəaliyyət göstərən "1001 gecə" istirahət mərkəzində ölümlə nəticələnən insident baş verib. İstintaq zamanı Rəşad Mirələmovun "Makarov" markalı tapança ilə Ramal Bayramovu qəsdən öldürməsi, Səməd Mənsimov, Elmar Süleymanov və qeyrilərini qəsdən öldürülməyə cəhd etməsi müəyyən olunub.//musavat.com//
AzNews.az