“Nemət bir il Qobustan həbsxanasında qalsa, sağ çıxa bilməz“ - Həyat yoldaşı

17 saylı Cəzaçəkmə Müəssisəsindən Qobustan həbsxanasına köçürülən məhbus siyasətçi Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı iyulun 15-də "Media forum" saytına danışıb.

O, iyunun 18-də Qobustan həbsxanasına köçürüləndən sonra Neməti ilk dəfə gördüyünü bildirib: "Neməti elə vəziyyətdə gördüm ki... Kaş heç görüşə getməzdim. Çox arıqlayıb. Görəndə tanımadım. Mühit çox qapalıdır. Nemət şəkər xəstəsidir, qapalı şəraitdə hərəkətsiz, havasız qalmaq onun üçün ölüm deməkdir. Gündə 1 saat bayıra buraxırlar. Bayır dedikləri yer 4-5 kvadratmetrlik yerdir. Divarları nə hündürlükdə, üstü dəmir barmaqlıqla örtülü. Ora hava gələ bilər? Nemət bir il Qobustan həbsxanasında qalsa, sağ çıxa bilməz. Həbsxananın yeməkləri təsəvvür edilə bilməyəcək qədər dəhşətlidir.

Nemət 2 il 6 aydır ki, həbsdədir. Getmədiyim qapı, müraciət etmədiyim yer qalmayıb. Hansı dövlət məmurunun qəbuluna gedirəm, eyni münasibəti görürəm. Nemət Qobustana köçürülmədən öncə Penitensiar Xidmətin rəisi Mədət Quliyevin qəbuluna getmişdim. Məni qəbul etmədi. Bilmirəm kimə müraciət edim, dərdimi necə deyim".

Milli azadlıq hərəkatının öncül simalarından olan Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Nemət Pənahlı Qobustan həbsxanasına 17 saylı Cəzaçəkmə Müəssisəsi rəisinin təqdimatı əsasında çıxarılan məhkəmə qərarı ilə köçürülüb.

AzNews.az