- Köhnə - Cəmiyyət
- 24 İyul 2013 12:55
- 5 492
Azərbaycan Dil Qurumunun saytı təqdim olundu
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dil Qurumunun (ADQ) icraçı direktoru Anar Mahmudoğlu saytın yaranma məqsədindən danışıb:
"Saytda ana dili normalarının qorunmasına həsr olunmuş tədbirlərin video-yazıları, tele-müzakirələr, monitorinqlər, nəşrlər, yazılar yerləşdirilib. Amma saytın əsas keyfiyyəti sözlüklərin axtarış sisteminə daxil edilərək istifadəçilərə təqdim edilməsidir. Hələlik Orfoqrafiya lüğəti yeni axtarış sistemində bu gün sizlərin ixtiyarına verilir. Növbəti mərhələ üçünsə izahlı və terminoloji sözlüklərin onlayn istifadəsi üçün proqramlaşdırma işləri davam etdirilir".
A.Mahmudoğlu saytın hazırlanmasına göstərdiyi köməyə bəzi ziyalılara xüsusi təşəkkürünü çatdırıb: "İşə başlayarkən bəlli oldu ki, Dilçilik İnstitutunda nə İzahlı lüğətin, nə də Oqfoqrafiya lüğətinin elektron variantları var. Dilçilik İnstitutundan Orfoqrafiya lüğətinin yeni nəşrinin hazırlandığı bildirilsə də, iki ay gözləmək heç bir nəticə vermədi. Halbuki, Dövlət Dili haqqında qanuna əsasən, Orfoqrafiya lüğəti ən geci beş ildən bir yenilənməlidir. Ancaq son qüsurlu nəşrdən doqquz il keçməsinə baxmayaraq, yenisi hələ də hazır deyil".
Bütün çətinlikləri proqramçıların, ziyalıların dəstəyi ilə arxada buraxdıqlarını söyləyən A.Mahmudoğlu saytın hazırlanmasında simvolik məbləğə razılaşan və gözəl nəticə ortaya qoyan "İmic" studiyasına təşəkkür edib: "Qulu Məhərrəmli və Ramiz Əsgər bütün vasitələrlə bizə yardım etdilər, onlara təşəkkür edirik".
Qurumun başqanı, millət vəkili Sabir Rüstəmxanlı dövlət dilinə münasibətə, reklam və elanlarda dil normalarının pozulmasına və ictimaiyyətin laqeydliyinə etiraz edib:
"Özlərini elita sayan müəyyən təbəqə bu dilin çörəyini yeyir, amma bu dildə danışmağı əskiklik sayır".
Yazı qaydalarının qorunması baxımından saytın əhəmiyyətini vurğulayan S.Rüstəmxanlı işin davam etdiriləcəyini deyib: "Saytın arzuladığımız mükəmməl səviyyəyə yüksəlməsi üçün illərlə vaxt lazımdır və inanıram ki, kollektivimiz bu işin öhdəsindən gələcək".
Daha sonra "İmic" şirkətinin rəhbəri Teymur Nəcəfzadə saytı iştirakçılara təqdim etdi və keyfiyyətlərini qonaqlara çatdırıb.
Təqdimatın ardınca çıxış edən ziyalılar – Qulu Məhərrəmli, Ramiz Əsgər, Səlim Babbullaoğlu, Pərviz Cəbrayıl, Qan Turalı, Cavid Zeynallı, Şərif Agayar və s. sayta uğurlar arzulayaraq təkliflərini verdilər və hər zaman yardıma hazır olduqlarını deyiblər.
Elnarə
AzNews.az