MSK-ya sənədlərini təqdim edən namizədlər - Siyahı

Avqustun 7-si saat 18:00-a olan məlumata görə, 5 prezidentliyə namizəd seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Bu barədə Trend-ə MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.

A.Sarıyev bildirib ki, bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından partiyanın sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından partiyanın sədri Fuad Əliyev və öz təşəbbüsü ilə namizədliyini irəli sürən İlqar Məmmədovdur.

Xatırladaq ki, Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib.

Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər.

MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

AzNews.az