Sabir Rüstəmxanlıdan “Demokratikləşmə paketi”nə münasibət

Sabir Rüstəmxanlı: "Bunlar Türkiyəni Atatürk yolundan uzaqlaşdırmağa gətirib çıxara bilər"


Xəbər verdiyimiz kimi, sentyabrın 30-da Türkiyə hökuməti çoxdan gözlənilən "Demokratikləşmə paketi" adlandırılan sənədi elan edib. Sənədin ən mühüm məqamlarından biri ictimai qurum və quruluşlarda çalışan qadınlara baş örtüyü ilə bağlı qadağaların aradan qaldırılmasıdır. Bu qadağa yalnız rəsmi geyimi olan ordu, polis, məhkəmə və prokurorluq orqanlarına aid olmayacaq. Bundan başqa Türkiyədə 1933-cü ildən tətbiq olunan "şagird andı" yeni paketdə ortadan qaldırılır. Bundan başqa süryanilərə aid monastrın onlara qaytarılması, Roman (qaraçı) Dili və Mədəniyyəti İnstitutunun yaradılması planlaşdırılır. Eyni zamanda hökumətin qaraçılara yönəlik bir sıra planların, həmçinin qaraçılara yeni yaşayış binalarının tikilməsi təkliflərinin olduğu qeyd edilir.

Qeyd edək ki, qəbul olunan "Demokratikləşmə paketi" PKK lideri Öcalanın həbsdən çıxıb siyasətlə məşğul olmasına icazə verir.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı paketlə yaxından tanış olmadığını bildirdi. S.Rüstəmxanlının sözlərinə görə, dəyişiklik paketi daha çox Avropa Birliyini və kürd siyasi qruplarını razı salmaq üçün hazırlanmış sənəd təsiri bağışlayır: "Açığı, sənədlə ciddi tanış deyiləm. Sadəcə, ötən gün televiziyalarda hörmətli Ərdoğanın çıxışını və ona münasibətləri dinlədim. Görünən odur ki, bu paketlər daha çox Avropanın təsiri və kürdlərə güzəştlər hiss olunur. Guya bundan sonra Türkiyə Avropa Birliyinə daxil olacaq. Ancaq görünən odur ki, Türkiyə nə qədər çox güzəştə gedirsə, o qədər üstünə gəlirlər, tələblər də artır. BDP-nin sədr müavini və ümumiyyətlə, kürd icması da paketdən narazı qalıblar. Bildirirlər ki, paketdə bizim tələblərimiz yerinə yetirilməyib".

S.Rüstəmxanlı deyir ki, narazı qalmalarına baxmayaraq, Türkiyə hökumətinin yeni demokratikləşmə paketi kürdlər üçün xeyli imkanlar yaradır. Bundan başqa partiya sədri türk "şagird andı"nın yığışdırılmasının anlaşılmayan və Türkiyədə Atatürk irsinə zərbə olan dəyişiklik hesab edir: "Paketdə özəl məktəblərdə türk dilindən başqa dillərdə dərslərə də icazə verilməsi və bir sıra başqa güzəştlər nəzərdə tutulub. Mən ana dilində dərs verilməsinə normal baxıram. Ancaq maraqlıdır ki, ələvilər haqda güzəştlər qeydə alınmayıb. Ancaq buna baxmayaraq ələvilər səsləri çıxarmırlar, lakin kürdlər etiraz edirlər.
Kürdlərlə bağlı güzəştlərlə bərabər paketdə Türkiyənin simasını və onun taleyini müəyyənləşdirən bir sıra məqamlardan imtina və geri çəkilmə gördüm. Məsələn, mən doğrudan da orta məktəblərdə andiçmədən niyə imtina olunub, onu başa düşmədim. Ondan sonra bir sıra başqa məqamlar da var ki, bunlar əslində Türkiyənin unitar dövlət sistemini pozmağa, Atatürk yolundan uzaqlaşmağa gətirib çıxara bilər, nəticə etibarı ilə. Kifayət qədər ziddiyyətli məqamlar var, bunlar diqqətlə öyrənilməlidir".(musavat.com)

AzNews.az