Milli Məclisdə İran-Azərbaycan münasibətləri müzakirə olunub


"Rəsmi Bakı Azərbaycan-İran dövlət sərhədinin hələ də açılmaması ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı və BMT-yə müraciət etməlidir".

AzNews.az-ın xəbərinə görə, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. O bildirib ki, Azərbaycan bu məsələ ilə bağlı müxtəlif beynəlxalq təşkilatlara müraciət etməli və İrana qarşı tədbir görülməlidir: "Sabah bütün şiə müsəlmanları Aşuranı qeyd edir. Amma çox təəssüf ki, İran Naxçıvan Muxtar Respublikasının yolunu kəsib. Vaxtilə Yezid müsəlmanların suyunu kəsmişdi. İndi də İran bizim yolumuzu kəsir".

Q. Həsənquliyev onu da qeyd edib ki, 2014-cü ildə Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsindən ayrılan dotasiyalar artırılmalıdır: "Naxçıvan blokada vəziyyətindədir. Bu gün oradan insanlar köçür, Naxçıvan boşalır. Ayrılan bu dotasiyalar Naxçıvandan köçənlərin sayını azaldacaq və blokadada olan respublikanın vəziyyətini yaxşılaşdıracaq".

Onun sözlərinə görə, Azərbaycanın xaricdə saxlanılan maliyyə vəsaitləri ölkəyə gətirilməli, yerli sahibkarlara verilməli, yeni müəssisələr tikilməli, yeni iş yerləri açılmalıdır.

Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, İranla Azərbaycanla arasında olan problemi şişirtmək və gündəmə gətirmək lazım deyil. O bildirib ki, hazırda İran və Azərbaycan arasında bu məsələ ilə bağlı danışıqlar gedir.

AzNews.az