Sabir Rüstəmxanlı: “Bu monopoliya aradan qaldırılmalıdır”

"Sahibkarlıq əvəzinə sahiblənmə var"




Parlamentin bugünki iclasında millət vəkili Sabir Rüstəmxanlı dövlət büdcəsi haqda qanunun müzakirələrində kəskin çıxış edib.

AzNews.az-ın məlumatına görə, millət vəkili parlamentdə bir neçə gündür müzakirə olunan büdcədən məmnun olması ilə bərabər bir sıra ciddi problemlərə də toxunub. Millət vəkili deyib: "Mən büdcənin həcminin 300 min manat olan dövründə də müzakirələrdə iştirak etmişəm, indi isə 70 dəfə artmış büdcənin müzakirəsində iştirak edirəm və bu bizdə fəxarət hissi yaradır. Amma bəzi ciddi problemlər ki var onlar nəzərə alınmalıdır".

S.Rüstəmxanlı əsas diqqəti kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsinə yönəldilməsini də təklif edib: "Kənd təsərrüfatı sahəsi ölkənin tükənməz sərvətidir və bura diqqəti artırmaq lazımdır. Bu sahədə işlər görülsə də bu yetərli deyil. Biz gərək bu sahədə köhnə ənənələri tətbiq edək və orta sahibkarlığı formalaşdıraq. Amma bu gün orta sahibkarlığın formalaşdırılması əvəzinə biz tamam başqa bir şeyin şahidi oluruq. Sahibkarlıq əvəzinə sahiblənmə var. İqtisadiyyatda rəqib olmayan yerdə inkişaf ola bilməz. Təəssüf ki, bu gün Azərbaycanda bazar iqtisadiyyatı yox, bazarkom var. Bu sahədə oturuşan şəxslər bazarkomlar kimi kimsənin bazara girməsinə yol vermir və monopolist rolunu oynayırlar. Əgər biz iqtisadiyyatın inkişafını və orta sahibkarlığın inkişafını istəyiriksə, o zaman bu monopoliya aradan qaldırılmalıdır. Əslində, bu gün Azərbaycanda siyasi dözümlülük deyil, iqtisadi dözümsüzlük hökm sürür".

S. Rüstəmxanlı eyni zamanda xaricdə yaşayan soydaşlarımızın Azərbaycanda təhsil alması üçün xüsusi fondun yaradılmasını təklif edib. O bildirib ki, belə bir fonda bir milyon manat vəsait ayrılarsa ildə 500 soydaşımızın burada təhsil almasına imkan yaradar.

Azər
AzNews.az